Ramil Usubov Nardaran hadisələrindən danışdı
14.01.2016 16:53 Sosreaksiya 1850
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
"Reaksiya" “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirədə iştirak edib. Nazir ötən il din pərdəsi altında radikalizmi, fanatizmi, cəmiyyətdə ayrı-seçkiliyi və qarşıdurmanı təbliğ edən şəxslərin və təriqətlərin hüquqazidd fəaliyyətinin qarşısının alınması sahəsində fəaliyyətin nəzərəçarpan olduğunu, ilin sonlarında Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyat zamanı Baş İdarə əməkdaşlarının cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərində fəal iştirak etdiyini diqqətə çatdırıb.
Hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə Baş İdarənin rəisi, polis general-mayoru Seyfulla Əzimov çıxış edib. O, deyib ki, həyata keçirilmiş profilaktik tədbirlərin nəticəsi olaraq ölkədə mütəşəkkil cinayətkarlığın səviyyəsi proqnozlaşdırılan səviyyədən kənara çıxmayıb, cinayətkar birlik və mütəşəkkil dəstələr tərəfindən ictimai rezonans doğuran cinayətlərin mütəmadi törədilməsi tendensiyası müşahidə edilməyib. Belə ki, 2011-2015-ci illərdə ifşa olunmuş ağır və ya xüsusilə ağır cinayət törətmiş 1173 cinayətkar qrupun 4,2 faizini və ya 49-nu mütəşəkkil dəstələr təşkil edib. Həmin dəstələrin böyük əksəriyyəti törətdikləri ilk cinayətdən sonra zərərsizləşdirilib, onların törətdikləri cinayətlərin 80 faizi mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsinə aid olub.
Qeyd olunub ki, dini radikalizmə qarşı mübarizə tədbirləri çərçivəsində ölkənin konstitusion quruluşunun zorla dəyişdirilərək şəriət qaydaları ilə idarə olunan dövlət yaratmaq niyyətində olan cinayətkar birlik ifşa olunub, həmin birliyin üzvlərindən hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimətdə istifadə etməyə hazırlaşdıqları xeyli sayda odlu silah və partlayıcı maddə götürülüb. Gələcəkdə analoji neqativ meyillərin yaranmasının qarşısının alınması üçün tədbirlər görülür. Satış və ya satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 43 fakt aşkar olunub, ümumilikdə, qanunsuz dövriyyədən 40 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 98,3 faizinin və ya 2 milyon 755 min manatın ödənilməsi təmin olunub.
Şərhlər