Bakıda məktəbi su basdı - VİDEO

15.01.2016 11:07     Sosreaksiya     2026

Nizami rayonundakı Rəhilə Orucova adına 109 saylı orta məktəbi su basıb.

"Reaksiya" xəbər verir ki, bu barədə Meydan TV-yə məktəbdə övladları təhsil alan valideynlər şikayət edib.

“Məktəb 1966-cı ildə tikilib və bugünədək heç bir təmir işi aparılmayıb. Baxmayaraq ki, Nizami rayonunda olan digər məktəblərin əksəriyyətində təmir və yenidənqurma işləri aparılıb. Ancaq nədənsə, 109 saylı məktəb həmişə kənarda qalıb”.

Valideynlər bildirirlər ki, dəfələrlə məktəbin yararsız vəziyyətdə olmasıyla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə, Təhsil Nazirliyinə, Nizami rayon İcra Hakimiyyətinə və başqa qurumlara müraciət olunsa da, heç bir real nəticə əldə olunmayıb.

“Əksəriyyətimiz adıçəkilən məktəbin məzunu olmuşuq. Bəzilərimizin valideynləri həmin məktəbdə dərs deyirlər. İstəmirik övladlarımızı həmin məktəbdən çıxaraq. Deyirdik, nə vaxtsa təmir edilər, gözləyirdik. Ancaq bu ayın 6-dan vəziyyət daha da ağırlaşdı. Məktəbin su sistemində yaranan problem nəticəsində sinifləri su basdı. Sinif jurnalı, sənədlər, sinif otaqları yararsız hala düşdü. Övladlarımız siniflərdə çətirlə oturur”.

Şikayətçilər onu da bildirirlər ki, ali məktəblərə qəbulun nəticələrinə görə, bu məktəb Nizami rayonu üzrə ilk beşlikdədir. Ancaq təhsilə, savada baxan yoxdu bu gün: “Belə getsə, uşaqlarımızı həmin məktəbdən çıxarmaq məcburiyyətində qalacağıq. Siniflərin divarları, qapıları, pəncərələri, istilik sistemləri, dəhlizin döşəməsi, divarları uçub tökülür. Elektrik xətləri açıq vəziyyətdədir. Bu şagirdlər üçün böyük təhlükədir. Şəhər məktəbi olmasına baxmayaraq, ucqar dağ kəndlərində yerləşən məktəblərdən fərqlənmir. Xahiş edirik, bu məsələni ictimailəşdirməkdə bizə kömək edəsiniz”.

Məktəbdən xəbəri təsdiqlədilər: "Bəli, düzdür, su boruları partlayıb. Məktəbin əksər siniflərindən su damır. Xüsusən də ibtidai sinif şagirdlərinin dərs otaqlarından. Birinci mərtəbə, ümumiyyətlə, pis gündədir. İkinci mərtəbədə vəziyyət bir balaca normaldır. Amma bu mərtəbədəki əksər siniflər də su içindədir".

Məktəblərin vəziyyəti ilə bağlı Təhsil Nazirliyi deyil, şəhər icra hakimiyyətləri məşğul olur. Lakin çoxsaylı müraciətlərə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti bununla bağlı sualları cavablandırmaq istəmədi.

Nizami Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, bu barədə onlara hər hansı məlumat daxil olmayıb: "Xəbərimiz yoxdur. Məlumat verdiyiniz üçün təşəkkür edirik. Məsələ araşdırılacaq".

 

 

Şərhlər

Çox oxunanlar