Həbs olunan icra nümayəndəsi ilə bağlı - Yeni faktlar

15.01.2016 11:28     Sosreaksiya     1803

Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin saxlanılmasına rayon icra hakimiyyətindən aydınlıq gətirilib.

“Reaksiya" xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, saxlanılan şəhər icra nümayəndəsi haqqında artıq məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib:

"Ancaq hələlik həbs qətimkan tədbirinin müddəti barədə idarəmizdə heç bir məlumat yoxdur. Şakir müəllim əvvəl hətta icra başçısının müavini vəzifəsində də işləyib. Ancaq onun dövlətə və dövlətiçiliyə qarşı çıxacağı heç kimin ağlına gəlməzdi. O, rayon ərazisində yanvarın 13-də qanunsuz aksiya təşkil etdiyi, vətəndaşları həmin etirazlarda iştirak etməyə çağırdığı üçün həbs edilib.Maraqlı məqam odur ki, saxlanan Şakir Hacıyev rayonda deyil, Bakıda həbs edilib. O özü heç bir aksiyaya qoşulmayıb, paytaxtda ola-ola vətəndaşları oradan aksiyalara səsləyib", -deyə icra hakimiyyətindən bildirdilər.

Əslən Füzuli rayonundan olan şəhər icra nümayəndəsi 1955-ci ildə anadan olub. Ailəlidir, 4 qız övladı var. Həyat yoldaşı dünyasını dəyişib.

Ş. Hacıyevin dünən axşam saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılıb. Bildirilirdi ki, yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb. Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunurdu.

Şərhlər

Çox oxunanlar