Keks mədəniyyəti

29.06.2015 02:17     Sosreaksiya     2387

Hərdən ağlımdan keçir bu 18+ yazıları ilə gündəmi zəbt edən (gündəmi zəbt etmək daima gündəmdə qalmaq demək deyil) yazarlara belə bir sual ünvanlayım: "Ey gözəl insanlar nə etmək istəyirsiniz?" 


Kimsə də bilməsə mən özüm bilirəm ki, cavabını bildiyim sualı hec zaman vermirəm. Çünki həmin "gözəl insanlar" mətbuatdan kənar söhbətlərində dəfələrlə etiraf ediblər ki, güya onlar 18+ yazı ilə millətə seks mədəniyyəti öyrədirlər. Əcabə bizim millətə seks mədəniyyəti lazımdımı? Bilməyənlərə xatırladım ki, bu gün Avropanın seçki mədəniyyəti bizim dədə-baba seks mədəniyyəti üzərində formalaşıb. 

Yəni avropalılar seçkilərdə müşahidəci məsələsini bizim yaşı bilinməz "yengə" əməliyyatından formalaşdırıblar. And olsun tanıdığımız və bildiyimiz bütün müqəddəs 18+ kitablarına ki, bu belədir. Hiss edirəm kişilər bığaltı gülüşür, qadınlarsa şaqqanaq çəkir. Olsun. Nə olsun mən həqiqəti dedim vallah daha inanıb inanmamaq qalsın Məmmədhəsən və Fatmanisənin boynuna. 

Nəysə mətləbdən çox uzaqlaşmayaq. Mənim dediklərim o mədəniyyət keçmişdə qaldı. Bəs bu gün? A sizə qurban, mənə deyin görüm bizdən başqa hansı millətin ayaqyolusunda "lütvən su buraxmağı unutmayın" tipli şüar yalvarışı var və bunun fonunda hələ də ayaqyolu mədəniyyətimiz it günündədi. A sizə qurban, mənə deyin görüm bizdən başqa hansı millətin məmləkətinin divarlarında "bura zibil tökənin anasın ..." tipli milli-mənəvi dəyərlərə tam uyğun söyüş şüarlar və bunun önündə hələ də o yerə zibil tökən və "mənə də deyənin" düşünərək özünü sığortalayan insanları var? 

Bizlərə seks mədəniyyəti lazımdırmı? Ay bu millətə seks mədəniyyəti öyrətmək iddiasında olanlar bəs qorxmursuzmu dindarların sizə ola biləcək hücumlarından və "camaatın ana bacısı var" tipli təpkilərdən. Əslində düz edirsiniz dindarlardan qorxmayın. Çünki bizim dindarlar İmam Hüseyni ağlayıb sinə cırıb qan tökəndə mən düşünmüşdüm ki, daha ermənilərin sonu gəldi Qafqazda. Bəs bu dindarlar ki, əsrlər öncə baş verən bu haqsızlığa belə reaksiya verir qan tökməyə hazırdırlarsa gör indi yaxın tariximizdə olan ədalətsizliyə necə reaksiya verib erməniləri yerlərində oturdacaqlar. Amma dindarlar elə susurlar ki, sanki Vətəni sevmək imandandı deyəndə "rəhmətlik" islam dini vətən olaraq Qarabağı yox Kərbəlanı nəzərdə tutub. 

Dindarlar susur, İctimai telekanalda yaxasını yırtır ki, dünya birliyi hələ də bu ədalətsizliyə dözür. Dünya birliyi nə etməlidir axı, biz hələ seks mədəniyyəti öyrənməklə məşğuluq? Nəysə mənə elə gəlir ki, bizim Məmmədhəsən və Fatnanisələrə hər şeydən öncə kitab oxumaq lazımdır. Onsuzda onlar seks mədəniyyətini adət və ənənələrimizdən bəs qədər öyrəniblər.
 
Yetim Qacar 

Şərhlər

Çox oxunanlar