Qiymət artımı vətəndaşlara necə təsir göstərib? - SORĞU
15.01.2016 16:44 Sosreaksiya 2020
Dünyadakı iqtisadi proseslər ölkəmizdən yan keçmədi. Neft qiymətlərinin ucuzlaşması, dolların bahalaşması hər birimizi iqtisadi çətinliklərlə üz-üzə qoydu. Bu günlərdə başda ərzaq məhsulları olmaqla bir çox istehlak məhsulunun qiymətində artım müşahidə olunur. “Reaksiya” məsələ ilə bağlı əhali arasında sorğu keçirib. Sorğunu təqdim edirik:
Limon sataraq ailəsini dolandıran yaşlı qadın adını deməkdən çəkinir. Qiymət artımından isə şikayətlənir: “Vəziyyət çox pisdir, küçələrə düşmüşük. O qədər qaçmışam ki, təngnəfəsəm. Özümüz də xəcalət çəkirik. Limon sataraq dolanmağa çalışıram. Ona da imkan vermirlər, aparırlar 80 manat cərimə edirlər. Mağazalardan da heç nə ala bilmirik, hər şey bahalaşıb, hər dəfə 30-40 manat gedir. Məcburuq gəzib, pul qazanıb yaşayaq”.
Şəhər sakini Rauf İsmayılov bahalaşma ilə bağlı bunları dedi: "Qiymət artımından sonra böyük bazarlıq etməmişəm. Ancaq əsas tələbat olan məhsulları almışam. Onda da güclü fərq hiss etmədim. Birinci tələbat mallarında böyük fərq yoxdur".
Təqaüdlə yaşadığını qeyd edən yaşlı qadın isə hər şeyə rəğmən nikbindir: “Hələ ki, qiymət artımı o qədər hiss olunmur, il təzə başlayıb. Bu, ən çox təqaüdçülərə təsir göstərir. Düzdür, çörəyi dedik, onun qiymətini saldılar aşağı. Qalan məhsullara baxan yoxdur. Təqaüdlə dolanan adam indiki məhsulların əksəriyyətinə həsrət qalır. Bəlkə bundan sonra düzələr. Belə çətinliyi çox görmüşük. Bütün dövlətlərdə vəziyyət pisdir, biz də onlardan biriyik. Kimin nəsibində nə varsa, onu da yaşayır. Ümidim var ki, düzələcək, yaxşılığa doğru gedirik. O qədər çətinlik görmüşük ki, Xuruşov bizə qara çörək yedizdirib. İndi yaxşı dövrə gəlib çıxmışıq, bunlar müvəqqətidir, hər şey yaxşı olacaq”.
İxtisasca həkim olan Müslüm Həsənov həyat şərtlərinin ağır olduğunu deyir: “Qiymət artımı sizin həyatınıza necə təsir göstərirsə, bizim də həyatımıza elə təsir göstərib. Heç də yaxşı təsir göstərməyib. Qiymət artımı bəlkə məmurların həyatına yaxşı təsir göstərər ki, pullar onların cibinə axır. Əsas ərzaq məhsullarında artım hiss edirik. Bir dəst kostyum alırsan 5 il geyinirsən. Lakin ərzaq məhsullarını hər gün almağa məcburuq, amma ala bilmirik”.
Jurnalist fəaliyyəti ilə məşğul olan İslam Şıxəli hələlik bahalaşmanın ciddi təsirinin olmadığını deyir: “İstənilən sahədə qiymət qalxıb, bizim hələ ki, komunal xərclərimiz qalxmayıb. Konturda, cərimələrdə artım yoxdur. Sonuncu dəfə komunal xərclərin, benzinin qiyməti qalxanda insanlar etirazla qarşılamışdılar. Əgər bunlar baş versə, insanların etirazı, qəzəbi artacaq. Amma demək olar ki, artımı bütün sahələrdə müşahidə etmək olur. Hansı mallarda qiymət artımı yoxdursa, həmin mallarda keyfiyyət fərqi müşahidə olunur".
.
Şərhlər