Nazir Nardaran sakinləri ilə görüşdü

18.01.2016 11:11     Sosreaksiya     1804

Daxili işlər naziri Ramil Usubov Nardaran sakinləri ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş dekabrın 17-də Sabunçu Rayon Polis İdarəsində baş tutub. 

Daxili işlər, prokurorluq və dövlət təhlükəsizlik orqanları əməkdaşları tərəfindən qəsəbədə ictimai asayişin, təhlükəsizliyin tam bərpa olunması məqsədi ilə həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlərindən danışan nazir R.Usubov ölkəmizin hər yerində olduğu kimi, Nardaranda da bu gün kriminogen durumun tam nəzarətdə olduğunu vurğulayıb. Qəsəbədə aparılan intensiv tikinti-quruculuq və sakinlərin sosial-məişət problemlərinin qısa müddətdə aradan qaldırılması üçün görülən işlərə də toxunan nazir göstərilən istiqamətlərdə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.   

Bir daha qəsəbə sakinlərinin nəzərinə çatdırılıb ki, bu gün Nardaranda aparılan abadlıq-quruculuq işləri, eləcə də dövlət orqanlarının yerli qurumlarının tam fəaliyyət göstərməsi istiqamətində atılan bütün addımlar Azərbaycan prezidenti İlham Əliyevin birbaşa nəzarəti altındadır. 

Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Eldar Quliyev və rayon Polis İdarəsinin rəisi Eldar İlyasov çıxış edərək qəsəbədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. 

Qəsəbə ictimaiyyəti adından orta məktəb direktoru Ağası Orucov, sakin Tofiq Həsənov və başqaları çıxış edərək nardaranlılara göstərilən ali diqqət və qayğıya görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər və xüsusi olaraq vurğulayıblar ki, artıq qəsəbədə su, işıq, qaz kimi problemlər tam həllini tapıb, şagirdlər təhsilə cəlb olunublar.

Daxili işlər naziri R.Usubov görüşdə ictimaiyyət nümayəndələri tərəfindən qaldırılan bəzi  problemlərin də həll olunması üçün digər dövlət qurumları ilə birlikdə müvafiq işlərin görüləcəyini bildirib.

Şərhlər

Çox oxunanlar