Müqavilə öhdəliklərini yerinə yetirməyən QHT-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək

19.01.2016 14:35     Sosreaksiya     1669

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bundan sonra layihələrin icrası ilə bağlı müqavilə öhdəliyini yerinə yetirməyən QHT-lər haqqında cinayət işinin açılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırır. 
 
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bunu Şuranın sədri Azay Quliyev deyib.
 
O bildirib ki, Şuranın məqsədi QHT-lərin problemlərini həll etmək, onlara yardım etməkdir: “Amma QHT-lər də anlamalıdırlar ki,  biz bu qədər güzəştlər ediriksə, bu, o demək deyil ki, güzəştlər davamlı olacaq. QHT-lər də öz  məsuliyyətlərini dərk etməlidirlər. Şuranın QHT-lərdən yeganə istəyi müqavilə öhdəliklərinin dürüst icra edilməsidir. Əgər QHT bir layihənin icrasını nəzərdə tutubsa, bunun üçün öhdəlik götürübsə, bunu qüsursuz şəkildə yerinə yetirməlidir. Yoxsa bizi incitmək, hesabatlılığı gecikdirmək, yaxud hesabatlarda kifayət qədər qüsurlara yol verməyə dözə bilmərik. Bununla bağlı müvafiq qərarlar qəbul etmişik və bunu da QHT-lərə açıq şəkildə deyirik”.   
 
A. Quliyev qeyd edib ki, əgər Şuranın bu cür xəbərdarlıqlarından kimsə nəticə çıxarmasa, müqavilə öhdəliklərini açıq-aşkar şəkildə pozmağa davam etsə, Şura bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.  

Şərhlər

Çox oxunanlar