“Azərişıq”dan narazılıq var - Paytaxt sakini işığının qanunsuz kəsildiyini deyir

19.01.2016 16:52     Sosreaksiya     2011

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin göstərdiyi xidmətlə bağlı son vaxtlar şikayətlər artır.

Redaksiyamıza daxil olan məlumata görə, vətəndaş Xuraman Məlikovanın  ümumi aylıq borcu 201 AZN  təşkil edir. O, borcundan müəyyən məbləğ – 40 AZN ödəməsinə baxmayaraq, elektrik enerjinin verilməsi dayandırılıb.

Xuraman Məlikova ilə bərabər digər aylıq borclarını ödəməyən sakinlərin də elektrik enerjiləri kəsilib.

Abşeron İşıq İdarəsindən göndərilən elektrik avadanlığı işləri mütəxəssisi vətəndaşlardan müəyyən məbləğ almaq müqabilində elektrik naqillərini bərpa edib. Lakin şikayət edən xanım həmin məbləği ödəməkdən imtina edib.

Bir neçə dəfə Abşeron İşıq İdarəsinə müraciət etsələr də, ailə dünəndən işıqsız qalıb.

O, bildirir ki, “Evdə 2-ci qrup əlil var, körpə uşaqlar var, belə çətin vəziyyətdə, soyuqda işığı kəsiblər. 20 manat ayın əvvəli, 20 manat da işıq kəsiləndən sonra ödəmişəm. İdarəyə müraciət etmişəm, deyirlər yoxlama var, qurtarsın, gəlib düzəldəcəyik”.

Xanım həmçinin deyib ki, “İşıq idarəsindən göndərilən montyor bizə deyir ki, prezident deyib gedin işıqları kəsin”.

Maraqlısı odur ki, borcdan müəyyən məbləğ ödənilməsinə baxmayaraq, qurumun elektrik avadanlığı işləri mütəxəssisi niyə əhalidən pul tələb edir? Üstəlik bu zaman prezidentin də adından istfadə olunur.

Prezidentin sərəncamına əsasən, yaradılan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirmək öhdəliyi verilib.

Lakin qurum ona verilən öhdəliyi düzgün yerinə yetirmədiyi halda, vətəndaşlarla da Prezident arasında narazılıq yaradır.

Münasibət öyrənmək üçün dəfələrlə qurumun Qaynar Xətt telefonları ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.

Satış şöbəsinin müdiri Qara müəllimlə də əlaqə saxlamağa çalışdıq, o da zənglərimizi cavabsız qoydu.

Şərhlər

Çox oxunanlar