Kluni Xədicə İsmayılı müdafiə edəcəkmi? - Vəkillərindən açıqlama
20.01.2016 13:17 Sosreaksiya 1696
Həbsdə olan jurnalist Xədicə İsmayılovanın azərbaycanlı vəkilləri jurnalistin erməni əsilli vəkil tərəfindən müdafiə edilməsi məsələsindən xəbərsizdirlər.
“Reaksiya" xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən X.İsmayılovanın vəkili Fəxrəddin Mehdiyev bildirib.
Vəkil hələ ki bu barədə heç bir məlumatı olmadığını deyib: "Məlumatın nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Xədicə İsmayılovanı insan hüquqları üzrə beynəlxalq təşkilatlar müdafiə edir, onun işini nəzarətdə saxlayır. Ola bilər ki, erməni əsilli olduğu deyilən vəkil Amal Kluni də həmin təşkilatların tərkibindədir. Amma konkret olaraq Amal Kluni ilə Xədicə İsmayılova arasında razılıq əldə olunmasından məlumatım yoxdur".
X.İsmayılovanın hüquqlarını müdafiə edən digər vəkil Fariz Namazlı da məlumatı mətbuatdan eşitdiyini deyir:
"Gələn həftə Xədicə İsmayılova ilə görüşəcəyəm və bu barədə maraqlanacağam. Əgər nəsə məlumat olsa, bu barədə ictimaiyyətə açıqlama verəcəyəm".
Xatırladaq ki, beynəlxalq miqyasda tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluninin hazırda həbsdə olan azərbaycanlı jurnalisti Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyi deyilir. A.Kluni bununla bağlı razılıq əldə edildiyini də deyib.
A.Kluni erməni əsillidir və Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki işində Ermənistan hökumətinin vəkili və müdafiəçisi olub.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər