“Azərsun” qiymət artımı ilə bağlı ittihamlara cavab verdi
22.01.2016 11:40 Sosreaksiya 1775
"Şirkətimiz haqqında yazılanların heç bir əsası yoxdur. O yazıları yazanlar istehsalatdan anlayışı, idxal və ixrac əməliyyatları barədə isə elementar bilikləri olmayanlardır. Onlar bəzi maraqlı qüvvələrin təhriki ilə "Azərsun Holdinq"ə qarşı qərəzli kampaniya aparmağa cəhd edir və bununla cəmiyyətdə şirkət haqqında yalnış fikir formalaşdırmağa çalışırlar".
“Reaksiya" azərfax.az-a istinadən bildirir ki, bunu "Azərsun Holdinq"in Biznesin İnkişafına Dəstək və İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Afiq Səfərov deyib. O bildirib ki, bu açıqlama və müsahibələrdən isə bir çox hallarda sosial şəbəkələrdə istifadə edirlər: "Onların arasında "Azərsun Holdinq"dəki işini məhz qüsurlu fəaliyyətinə görə itirmiş şəxslərə, reklam dəstəyi ala bilməyən jurnalist adına ləkə olanlara, sağlam rəqabətdə duruş gətirməyənlərə, bir sözlə ifadə etsək, hələ də həyatda yerini tapa bilməyənlərə rast gəlinir. Əli torpaqda olan, yüzlərlə markanın müəllifi olan, açdığı hər bir müəssisənin məhsulunu süfrələrə qədər daşıyan, on minlərlə zəhmətkeş insanın çalışdığı milli şirkətə qarşı belə kampaniya aparmaq hansı vicdana sığar?!"
A. Səfərov deyib ki, dünya bazaralarında neftin qiymətinin kəskin düşməsi, sözsüz ki, neft ölkəsi kimi formalaşmış Azərbaycana da öz təsirini göstərir: "Ölkənin ciddi gəlir itkisi ilə üzləşməsi nəticəsində iqtisadiyyatın demək olar ki, bütün sahələrində çətinliklər müşahidə olunur. İstehsalat sahəsindən az-çox məlumatı olanlar bilirlər ki, bir məhsulu mağaza piştaxtalarına daşıyana qədər hansı fəaliyyət mərhələlərindən keçmək lazım gəlir. Bunu bilməyən adamlar arqumentlərdən uzaq, populist və ümumi fikirlər səsləndirə bilərlər. Amma "Azərsun Holdinq"in istehsal etdiyi məhsulların qiymət tənzimləmələri idxaldan asılı olduğu pay çərçivəsində müəyyən olunur. Birinci devalvasiyadan sonra "Azərsun Holdinq" hər hansı qiymət artımına getmədi. Böyük zərərlə ili başa vurduq".
A. Səfərov deyib ki, ikinci devalvasiyadan sonra isə toplam devalvasiya rəqəminin 98% olduğu təqdirdə, "Azərsun Holdinq" ortalama 20-30 % qiymət artımına getməli olub: "Məlumat üçün bildirim ki, xam şəkərin 85%-i, yağ xammalı isə tam olaraq xaricdən idxal olunur. Bilirsiniz, üzən məzənnə siyasəti zamanı qiymətlərin davamlı dəyişilməsi qaçılmaz gerçəklikdir. Məhz belə bir şəraitdə dəyərli istehlakçılarımızı bu təsirlərdən qorumaq üçün geniş tədbirlər barədə tərəfimizdən işlər aparılır. Bu çətin vəziyyət bizi əməkdaşlarımız arasında müəyyən ixtisarlar aparmağa məcbur etsə də, ən qısa zamanda Sumqayıtda yeni layihələrə başlamaqla, ixtisar olunmuş əməkdaşlarımızı yenidən işlə təmin etməyə çalışacağıq. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görməkdəyik".
O, xüsusi vurğulayıb ki, məhsullarda aparılan qiymət tənzimləmələri müvafiq dövlət qurumları ilə müzakirədən sonra həyata keçirilir.
A. Şəfərov xüsusilə "Azərçay"ın və digər çay brendlərinin qiymətinin qalxması ilə bağlı ittihamları da cavablandırıb: "Əvvəla, "Azerçay"ın qiyməti heç də 80% artmayıb. "Azərsun Holdinq" 20 ildir ki, Lənkəran və Astarada çayçılığın inkişafı üçün xüsusi əmək sərf edir, bölgə əhalisinin əməyini stimullaşdırır, çay yarpağını dünya bazar qiymətindən baha qiymətə alır ki, bu sahə inkişaf etsin. Bu təcrübələri bir çox sahələrdə sadalamaq mümkündür. Bizi əsassız olaraq ittiham edənlər bu kimi faktlardan bir dəfə də olsun danışıblarmı?"
Şirkət bildirib ki, "Azərsun Holdinq"un istənilən məhsulu, dünyanın istənilən inkişaf etmiş dövlətinin ərazisinə ixrac olunur və tələb olunan bütün keyfiyyət standartlarına cavab verir: " Keyfiyyət amili şirkətlər qrupumuz üçün həyati əhəmiyyətlidir və biz bu məsələdə heç bir halda güzəştə getmirik. Azərsun müəssisələri ISO, Global G.A.P. və sair dünya keyfiyyət standartları əsasında fəaliyyət göstərir və bunun nəticəsidir ki, yağ, çay, süd şəkər və s. məhsullarımız transmilli dünya şirkətlərinin ərzaq təminatçısıdır. Həmçinin məhsullarımız Almaniya, ABŞ, Çin və digər ölkələrə ixrac olunur".
A. Səfərov bildirib ki, Azərbaycan prezidenti iş adamlarına, xarici və yerli səhmdarlara, ölkə iqtisadiyyatını inkişaf etdirməkdə maraqlı olan biznes dairələrinə öz dəstəyini heç vaxt əsirgəməyib: "Son günlər qəbul olunmuş qərarlar, imzalanmış sərəncamlar da göstərdi ki, dövlət başçısı Azərbaycanda qeyri-neft sektorunun inkişafında, sahibkarlıq fəaliyyətinə hərtərəfli şərait yaradılmasında nə qədər maraqlıdır. Biz də öz növbəmizdə Azərbaycan iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına öz tövhəmizi verməyə çalışırıq. Holdinqimiz yeni iş yerlərinin açılması üçün müxtəlif layihələr üzərində çalışır. Biz fəaliyyət göstərdiyimiz ilk dövrlərdən sosial layihələrə, humanitar aksiyalara da ciddi diqqət ayırmışıq və bizim bu istiqamətdəki fəaliyyətimiz bundan sonra da davam edəcək. Biz inanırıq ki, bölgələrdə min bir əziyyətlə çalışan insanların halal zəhməti və alın təri nəticəsində meydana çıxmış uğurlu Azərbaycan markalarını ixrac edərək, "Azərsun Holdinq"in ətrafında birləşmiş yüz minlərlə kəndli və fermerlərlə birgə bütün bu çətinliklərə sinə gərəcəyik. Hər kəs bilsin ki, "Azərsun Holdinq" Azərbaycan xalqına - kəndlisinə, fermerinə, fəhləsinə, ziyalısına məxsusdur. Bu gücün vəhdətindən yaranmış "Azərsun Holdinq" bundan sonra da cənab Prezidentin müəyyən etdiyi xətt üzrə öz fəaliyyətini davam etdirəcək, "Made in Azerbaijan", "Qarabağ" adını hələ çox-çox ölkələrdə qürurla təmsil edəcək".
Şərhlər