Ərzaq məhsullarının qiyməti həftə ərzində necə dəyişdi?

24.01.2016 17:07     Sosreaksiya     2973

BBC əməkdaşları şəhər mərkəzində seçdiyi iki mağazada bəzi gündəlik məhsulların qiymətinin bir həftə ərzində dəyişməsini müşahidə edib və maraqlı mənzərə ortaya çıxıb.

28 may ətrafında yerləşən supermarket və məhəllə marketlərdən birində apardığımız müşahidə zamanı tərəvəz və çörəyin qiymətinin tez-tez dəyişdiyi məlum olub.

Un və çörəyin qiyməti, o cümlədən çəkisi dəqiq müəyyən olunsa da satış mərkəzlərində qiymətlər yenə də fərqli olub.

Ötən cümə axşamında prezidentin tapşırığı ilə unun satışı əlavə dəyər vergisindən azad edilib və mağazalarda 500 qramlıq çörəyin qiyməti 30 qəpik, 700 qramlıq çörək isə 40 qəpik həddində olub.

İqtisadiyyat və Sənaye Nazirliyi un və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcəyini bəyan edib.

Kartof və soğan

Həftə ərzində apardığımız müşahidələrdə qiyməti ən çox dəyişən məhsullar arasında kartof birincidir. Bazar ertəsi günü 28 Mall-da yerləşən supermarketdə kartof 1.49 manata, soğan isə 1.10 manata təklif olunurdu. Soğanın qiyməti həftə boyunca eyni qalsa da növbəti gün, çərşənbə axşamı kartof müştərilərə 1.19 manata təklif olundu. Bir gün keçmiş, çərşənbə günü isə qiymət 1.30 manata dəyişdi və həftə sonuna qədər bu həddə qaldı.“Bu kartof elə bıçaqda yoxa çıxacaq” alıcılardan biri kartofun bu qiymətindən narazı halda almadan ərazini tərk edir.

Qiymətləri “dəhşət” adlandıran digər bir alıcı isə “burdan kartof, soğan alınmaz” deyib eyni qiymətə adi bazardan bir kilodan çox almaq imkanını üstün tutur.

Kartofun həftə ərazində qiyməti (manat)
Satış mərkəzi: bazar ertəsi çərşənbə axşamı çərşənbə cümə axşamı cümə şənbə bazar
Supermarket 1.49 1.19 1.30 1.30 1.30 1.30 1.30
Məhəllə marketi 1.40 1.40 1.40 1.40 1.40 1.40 1.40
8km bazarı 0.70 0.70 0.70 0.70 0.70 0.70 0.70

Kartofun Azərbaycan bölgələrindən və Türkiyədən gətirildiyini deyən satıcılar qiymətlərin bu qədər fərqlənməsinin səbəbi ilə bağlı suala çiyinlərini çəkməklə cavab verirlər.

Bütün həftə boyu yerli kartofu 1.40 manata təklif edən məhəllə market satıcısının isə deməyə sözü var:

“Ay bala, Tovuz kartofdur ey, ele bele kartof deyil. Kənd kartofunu ucuz harda taparsan?”, deyə satıcı “ikinci çörəyi” nəinki supermarketdəkindən, hətta bazardakından da baha satmasını əsaslandırır. Soğan isə burda da eyni qiymətə, 1.10 manata satılır.

Eyni bölgədən gətirilən bu məhsulların qiyməti 8-ci kilometr bazarında isə tamamilə fərqlidir: kartof 0.70 manata, soğan 0,60 manata.

Soğanın həftə ərzində qiyməti (manat)
Satış mərkəzi: Bütün həftəboyu
Supermarket 1.10
Məhəllə marketi 1.10
8km bazarı 0.60

Çörək

Həftəlik müşahidələrimizdə qiyməti günbəgün dəyişən məhsullar arasında ikinci yerdə çörək dayanır. Bazar ertəsi günü supermarketdə Xəzər zavod çörəyi 0.39 manata, 600 qramlıq Xırdalan zavod çörəyi 0.40 manata, 700 qramlıq Xırdalan kürə çörəyi isə 0.70 manata satışa çıxarılmışdı.

Amma növbəti gün, çərşənbə axşamında rəfdə olan çörklərin qiyməti ilə yanaşı çəkisi də dəyişdi. Fərqli çəki və qiymətlər aşağıdakı kimi oldu:

Xırdalan zavod çörəyi 550 qram- 0.30 manat

Xəzər zavod çörəyi 700 qram- 0.40 manat

Xırdalan kürə çörəyi 700 qram- 0.60 manat

Bu qiymətlər və çəki həftə ərzində dəyişmədən olduğu kimi də qaldı.

Məhəllə marketində isə həftə boyunca müştərilərə yalnız 0.30 manata olan 550 qramlıq zavod çörəyi təklif olunurdu.

Un

Kiloluq paketlərdə satılan yerli unun qiyməti həftə ərzində dəyişməsinə görə üçüncü yerdədir. Məsələn, bazar ertəsi kilosu 1.15 manata təklif olunan unun kilosunun qiyməti eyni mağazada 3 gündən sonra, cümə axşamında 0.95 manata endirildi. Digər yerli və xarici kiloluq unların qiyməti isə elə olduğu kimi qaldı.

1 kq unun həftə ərzində qiyməti
Satış mərkəzi: bazar ertəsi çərşənbə axşamı çərşənbə cümə axşamı cümə şənbə bazar
Supermarket 1.15 1.15 1.15 0.95 0.95 0.95 0.95
Məhəllə marketi 1.20 1.20 1.20 1.20 1.20 1.20 1.20

Məhəllə marketində kilosu 1.20 manata təklif olunan eyni unun qiyməti isə həftə boyunca dəyişmədi.

İqtisadiyyat və Sənaye Nazirliyinin sözçüsü Abbas Əliyev deyir ki, bu günə qədər bu məhsulların satışında hər hansı qayda pozuntusu aşkar edilməyib. Qurum rəsmisi adıçəkilən məhsulları təyin olunmuş rəsmi rəqəmlərdən fərqli təqdim edən satış mərkəzləri haqqında alıcıların nazirliyə xəbər verməsini xahiş edir.

Eyni, amma fərqli qiymətə

Yerli istehsal olan eyni çay həftə ərzində marketlərdə müxtəlif qiymətlərə təklif olundu. Məsələn, 450 qramlıq çay supermarketdə və 8-ci kilometr bazarında 5.70 manata, məhəllə marketində isə 5.30 manata satışa çıxarılmışdı.

Supermarketdə 1.29 manata satılan yerli uzun düyü məhəllə marketində 1.50 manata təklif olunurdu.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev un və çörəkdən başqa digər məhsulların qiymətinin bazardakı tələb və təklif əsasında formalaşdığını deyir.

“Bu alıcıya seçim imkanı qazandırır. Hansı mağazadakı qiymətlər alıcıya uyğundur onu da özü sərbəst seçir”, sözçü nazirliyin həmin qiymətlərdə yalnız süni artımına yol verilməməsinə nəzarət etdiyini deyir.

Şərhlər

Çox oxunanlar