Azərbaycanda uşaq ana bətnindəykən əməliyyat olunub

25.01.2016 12:47     Sosreaksiya     1779

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uşaq ana bətnindəykən əməliyyat olunub.
 
Reaksiya xəbər verir ki, ATU-nun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, keçən ilin oktyabr ayında klinikanın mama-ginekologiya şöbəsinə 26 həftəlik hamiləliyi sonlandırmaq məqsədi ilə hamilə qadın daxil olub. 
 
Belə ki, daha əvvəl ultrasəs müayinələrindən dölün sol böyrəyində inkişaf edən iri ölçülü kista aşkar edilib. Kista getdikcə böyüyərək bütün qarın boşluğunu tamamilə tutub. 
 
Hamilə qadını şöbə müdiri Turab Canbaxışov müayinə edib. Həkimin sözlərinə görə, xəstənin ultrasəs müayinəsində döldə sol böyrək kistasının ölçüsü 88,7 mm-ə çatdığı aşkar olunub: "Dölün öz bədən uzunluğu 221 mm idi. Dölün sol böyrək kıstası həm qarın boşluğundakı orqanları, həm də döş qəfəsindəki ağciyər və ürəyi sıxışdıraraq, ürək fəaliyyətini zəiflətmişdi. Ultrasəs müayinəsində dölün ana bətnində ürək çatışmazlığından dərialtı ödəm izlənilirdi və ağciyərlərin, ürəyin ətrafında maye yığılmağa başlamışdı. Təcili müdaxilə etməsəydik uşaq tələf ola bilərdi.
 
Bu səbəbdən, dölün sol böyrək kıstasına təcili müdaxilə edərək, tək bir seansla təxminən 235 ml sidik (maye) çəkildi. Kistanın ölçüsü 90 mm-dən 21,8 mm-ə qədər kiçilmişdi və artıq dölün həyatı üçün təhlükə törətmirdi. Ürək, ağciyərlər və qarın boşluğundakı orqanların fəaliyyətləri bərpa olmuşdu. Hamilə xanım hər iki həftədən bir müayinələrə gələrək kistanın ölçüsü qeyd olunurdu və kistanın həcmi böyümədiyi üçün müdaxiləyə ehtiyac olmadı".
 
Onun sözlərinə görə, hamiləliyin 40-cı həftəsində mama-ginekologiya kafedrasının dosenti Şölə İsmayılova tərəfindən ana keysəriyyə əməliyyatı olunub və döl sağlam şəkildə dünyaya gəlib: "Əməliyyat fəsadsız keçib, lakin sol böyrək kistası hələ döl 26 həftəsindəykən çox böyük ölçülərə çatdığı üçün göbək dəliyinin tam sağalmamasına səbəb olmuşdu. 
 
Ana bətnində müdaxilə edilməsinə baxmayaraq, sidik kisəsi ilə göbək dəliyinin arasında olan axacaq tam qapanmamışdı. Nəticədə uşaq müştərək qüsurla - perforasiya olunmuş embrional göbək dəliyi və sidik kisəsi ilə göbək dəliyi arası fistulası ilə doğulmuşdu". 
 
Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın sözlərinə görə, belə uşaqlarda infeksiyalaşma riski çox yüksəkdir. Bu riski nəzərə alaraq, uşaq cərrahiyyəsi şöbəsinin müdiri Ramiz Poluxovla konsilium aparılaraq təcili əməliyyata qərar verilib. Uşaq neonatoloji reanimasiyada əməliyyata hazırlanıb və əməliyyata götürülüb. Əməliyyatda həm embrional yırtıq ləğv olunub, həm də sidik kisəsi ilə göbək dəliyi arasında olan həddindən artıq geniş fistula ayrılaraq tikilib. Əməliyyat uğurla başa çatıb. 
 
Hazırda körpənin vəziyyəti yaxşıdır. Körpə həkim neonatoloqların nəzarəti altındadır və evə buraxılması üçün hazırlıqlar görülür.

Şərhlər

Çox oxunanlar