Naməlum qadın və kişi Rüfət Səfərovu ölümlə hədələyiblər: "Gör, səni..."

25.01.2016 14:51     Sosreaksiya     1794

Sabiq müstəntiqə zəng edən şəxslər ona “gör, səni necə məhv edəcəyik” deyiblər

Zərdab rayonunun sabiq müstəntiqi, ötən həftə həbsdən azad edilən, YAP-çı Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovu ölümlə təhdid edirlər. 
 
Bu barədə müsavat.com-a açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, təhdid zəngləri yanvarın 24-dən gəlməyə başlayıb. 
 
Naməlum telefon nömrələrindən R.Səfərova zəng edən şəxslər onu biədəb söyüşlərlə təhqir edirlər, özünə və ailə üzvlərinə yönəlik ən təhqiramiz ifadələr işlədirlər:“Rüfət Səfərov dilə gəlməyəcək küçə söyüşləri ilə təhqir olunur. Ardınca isə onu ölümlə təhdid edirlər. Əvvəl zəng vuran şəxs kişi olub. Bu gün isə artıq naməlum bir qadın zəng edərək, eyni tonda danışıb. Müvəkkilimə “gör, səni necə məhv edəcəyik”, “Başın bədəninə ağırlıq edir” tipli hədələr edilib. Təbii ki, bu zənglər naməlum, gizli nömrələrdən edildiyi üçün onların kimliyini müəyyənləşdirmək bizim imkanlarımız xaricindədir”. 
 
B.Bayramov dedi ki, bu təhdidlərlə bağlı bu gün polisə müraciət edəcək. Müsahibimiz zənglərin kim tərəfindən edilməsi ilə bağlı hər hansı təxmin yürütmədi: “Bu adamların kimliyi, məqsədləri mənimçün maraqldır. Çünki Rüfət Səfərov ev dustağıdır, çıxdığı gündən mətbuata hər hansı açıqlama verməyib. Danışmır, hər hansı söz demir. Heç bir fəaliyyəti də yoxdur. Sadəcə, təqsirləndirilən şəxs statusundadır. Onunla bağlı kimin nə problemi var, qaranlıq qalır”. 
 
Hazırda isə R.Səfərova mediaya danışmamaqla bağlı sərt göstəriş verilib. Sabiq müstəntiq bu səbəbdən ona gələn telefon zənglərini cavablandırmır. İlk gün öz fikirlərini sosial şəbəkə vasitəsilə yayan R.Səfərov atasının onun hesabına daxil olub, statusunu silməsinə görə də qəzəblənib və bununla bağlı bir-birinin ardınca iki status paylaşıb. 
 
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq, həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.
 
Məhkəmənin qərarına əsasən, R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
 

Şərhlər

Çox oxunanlar