AMEA-nın qurumları özəlləşdirilə bilərmi?
27.01.2016 11:59 Sosreaksiya 1974
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mülkiyyətinin və qurumlarının özəlləşdirilməsi məsələsinə baxıla bilməz.
Reaksiya xəbər verir ki, bunu Trend-ə AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli AMEA-nın mülkiyyətinin və qurumlarının özəlləşdirilməyə buraxılmamasının səbəbini akademiyanın qeyri-kommersiya qurumu, dövlət ali elmi təşkilatı olması ilə izah edib.
Komitə sədri qeyd edib ki, dövlət əhəmiyyətli elmi tədqiqat məsələləri ilə məşğul olan müəssisələrin mülkiyyəti özəlləşdirilmir. Amma eyni zamanda, dövlətin mərkəzi icra orqanının uyğun gördüyü, strateji əhəmiyyət daşımayan elmi müəssisələrin mülkiyyəti özəlləşdirilə bilər.
İ.Həbibbəylinin sözlərinə görə, AMEA-nın tərkibində torpaq mülkiyyəti, 30-dan artıq sənaye zavodu var: “AMEA-nın zavodlarında məhsul istehsal edilir. Alimlərimiz orada ixtiralarını, patentlərini tətbiq edirlər. Alimlər fundamental tədqiqatlar aparmaqla yanaşı, orada çalışmaqla əlavə gəlir əldə edirlər. Biz bu meydanın genişləndirilməsinin, bu imkanların artırılmasının tərəfdarıyıq. “Elm haqqında” qanunun yeni layihəsində də bu cür təkliflər təqdim edilir”.
İ.Həbibbəyli qeyd edib ki, yeni layihə ilə elmi işçilərin innovasiya, sahibkarlıq fəaliyyəti haqqında, eyni zamanda, onların ixtiraçılıq və patent alma sahəsindəki fəaliyyətlərinin nəticələrini bazara çıxarmaq, alimlərin ondan fayda görməsi üçün şərait yaratmasına nail olmaq istəyirlər: “Bundan əvvəlki layihədə sahibkarlıqla bağlı ayrıca müddəalar öz əksini tapmamışdı. İlk dəfədir ki, biz AMEA əməkdaşlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması haqqında maddələrin müzakirəyə çıxarılmasını təklif edirik. Eyni zamanda, yalnız AMEA alimlərinin deyil, ali məktəblərin, sahə elminin də alimlərinin öz ixtiraları, səmərli təklifləri ilə biznesin ən müxtəlif strukturlarında iştirak etməli, onların ideyaları tətbiq edilməlidir. Elmi inkişafın yeni mərhələsində yeni ixtiralara, onların tətbiqinə zərurət yaranır. Ona görə də AMEA başda olmaqla, ali məktəb, sahə elmi də bundan sonra elmin inkişafını təmin etmək üçün müəyyən dərəcədə müəlliflik təşəbbüsü, səmərəli təkliflərlə cəmiyyətə borcunu verməlidir”.
Şərhlər