Məmurların "NAZ"la getməsinin faydaları

27.01.2016 15:23     Sosreaksiya     1029

Azərbaycanın yaxın qonşuları Rusiya və Türkiyə də çoxdan bu addımı atıb

Prezident İlham Əliyev Azərbaycan məmurlarına xidməti maşın kimi Naxçıvanda istehsal edilən "NAZ Lifan" markalı maşınlardan istifadə etməyi məsləhət görüb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən ölkə başçısı bunun ölkədən xaricə axan valyutanın qarşısını alacağını bildirib.


Naxçıvanda "NAZ Lifan" zavodu

Beləliklə Naxçıvanda fəaliyyət göstərən və gücü ildə 5 minə avtomobil istehsalı olan zavod üçün yeni yaşıl işıq yaranıb. Zavod dövlət sifarişi ilə avtomobillər istehsalına başlayarsa, istehsal gücünə tam çata bilər. Halbuki, işə başlayandan bu yana "NAZ Lifan" öz istehsal gücünün 40 faizinə qədər belə çata bilməyib. Ötən il Azərbaycanda avtomobil istehsalı 2 min ətrafında olub. Bu avtomobillərin bir qismi Gəncə Avtomobil Zavodunda istehsal edilib. Dövlət sifarişlərinin verilməsi ilə Naxçıvandakı zavod istehsalını əlavə olaraq 2-2,5 min artıra bilər. Ölkədə avtomobil istehsalı 5 minə çata bilər. Bu, Azərbaycanın avtomobilə ildə 30 minə yaxın olan tələbatının təxminən 15 faizini təmin etmiş olar. 

Düzdür, bu, postsovet məkanının Özbəkistan kimi ölkələrinin avtomobil sənayesi ilə müqayisə oluna bilməz. Azərbaycandan cəmi 3 dəfə böyük bazara malik Özbəkistan ildə təxminən 250 min ədəd, yəni daxili tələbatdan 2,5 dəfə artıq avtomobil istehsal edir. Bu ölkə ölkədən xaricə hər il 150 minə yaxın avtomobil göndərir. Təkcə bunun 100 minə yaxını Rusiya bazarında satılır. İlk dönəmlərdə avtomobilləri yalnız yığmaqla məşğul olan Özbəkistan daha sonra bir çox detalların istehsalını da təşkil etdi. Bu ölkənin müxtəlif vilayətlərdə olan avtomobil zavodları artıq çox bahalı brendlərin də istehsalı ilə məşğul olur. Yəni istənilən halda Azərbaycanın Naxçıvanda təmin etmək istədiyi istehsal bununla müqayisə oluna bilməz. 

Son illərdə Azərbaycanda avtomobil istehsalı (ədəd)



Lakin avtomobil təsərrüfatı mütəxəssisi, “Həyat” Hümanitar Dəstək İB-nin rəhbəri Azər Allahverənov ANS PRESS-ə müsahibəsində prezidentin bu təklifinin bir sıra müsbət nəticələrinin olcağını bildirir: “Hər şeydən öncə, Naxçıvanda istehsal olunan avtomobillərin keyfiyyəti yüksələcək. Çünki nazirlərin və digər yüksək çinli məmurların gəzdiyi avtomobil keyfiyyətsiz ola bilməz. Bu, həmin avtomobillərin əhali arasında presticini artıracaq və nəticədə satışlar artacaq. Zavod istehsasalı genişləndirərək Cənubi Qafqaz, İran və Türkiyə bazarlarına da çıxa bilər”. 

Mütəxəssisin sözlərinə görə, məmurların "NAZ Lifan"a keçməsi külli miqdarda dövlət vəsaitinə də qənaət etməyə imkan verəcək: “Dövlət məmurlarının bir çoxunun xidməti maşınının qiyməti 80-200 min avro arasında dəyişir. Naxçıvan avtomobillərinin qiyməti təxminən 15 min dollar ətrafında dəyişir”. 


Azər Allahverənov - “Həyat” Hümanitar Dəstək İB-nin rəhbəri 

Azər Allahverənovun fikrincə, Naxçıvan Avtomobil Zavodunun istehsalı artırması minlərlə yeni iş yerinin yaranmasına da səbəb ola bilər: “Hər halda, birbaşa istehsalda və servis xidmətlərində yeni mütəxəssislərə ehtiyac olacaq”.

Yəni görünən dağa bələdçi gərək deyil. Dövlət məmurlarının yerli avtomobilləridən istifadəsi dünyanın əksər ölkələrində məcburi qaydadır. Azərbaycanın yaxın qonşuları Rusiya və Türkiyə də çoxdan bu addımı atıb.

Azərbaycan bu məsələdə daha irəli gedə bilər və dövlət məmurlarının bahalı xidmət avtomobillərini daxili bazarda satmaqla əldə edilən pulun bir qismini ucuz yerli avtmobillərə yönəltmək olar. Vəsaitin qalan hissəsi isə qurumların digər ehtiyatclarına sərf edilə bilər. Bu yerli avtomobil istehsalını dəstəkləməklə yanaşı, bahalı avtomobillərə görə ölkədən kənara axan valyutanı bir xeyli azalda bilər. 

Şərhlər