"Azəriqaz"ın döyülən işçisinin vəziyyəti ağırdır
27.01.2016 16:08 Sosreaksiya 2909
Türkan qəsəbəsində yerli sakinlər tərəfindən döyülərək xəsarət alan “Azəriqaz” İstehsalat Birliyinin qaz qaynaqçısı, Məhərrəmov Məhərrəm Qamət oğlu bu gün əməliyyat olunacaq.
Bunu ANS PRESS-ə açıqlamasında "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
"Onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən idarə əməkdaşının səhhəti ilə bağlı hazırda həkimlər konsultasiya keçirirlər. Məsələ “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin nəzarətindədir və o, özü də artıq xəstəyə baş çəkib, onun səhhəti ilə maraqlanıb".
Onun sözlərinə görə, xəstə Neft şirkətinin əməkdaşı olduğundan digər işçilər kimi sağlamlığı əvvəlcədən sığortalanıb", - deyə qurum rəsmisi əlavə etdi.
Məsələ həm də hazırda Xəzər RPİ 1-ci Polis Bölməsi tərəfindən araşdırılır. Zərərçəkənin və xəsarət yetirənin kimliklərinin bəlli oluğunu nəzərə alsaq, həmin şəxsin və ya şəxslərin cəzalandırılması istisna deyil.
Birlik təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcəyini bildirib.
Təkcə ötən il təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər nəticəsində respublika üzrə 7 347 əhali, 160 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 1 769 378 manat dəyərində dəymiş ziyan hesablanıb.
Qazdan istifadə zamanı qeydə alınan qayda pozuntuları
Hadisə 2 gün əvvəl Xəzər rayonu Türkan qəsəbəsində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş növbəti yoxlamalar zamanı baş verib. Aparılan yoxlamalar zamanı Xanlar küçəsində yaşayan Mayılov Məmmədağanın həyətyanı sahəsində yerləşən istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar olunub və qeyri-qanuni qaz kəmərinin ləğvi zamanı Türkan qəsəbəsi, Xanlar küçəsində yaşayan Mayılov Məmmədağa, onun övladları Samir və Rəfael tərəfindən Birliyin Təmir-tikinti İdarəsinin 4 saylı Qəza-təmir bərpa xidmətinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu döyülüb, ona ağır bədən xəsarətləri yetirilib. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən "Azəriqaz" əməkdaşına ilkin olaraq onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub.
Şərhlər