"Royal Bank" ASC-nin vəzifəli şəxsləri Ali Məhkəməyə müraciət edib
28.01.2016 10:51 Sosreaksiya 1262
Mənimsəmədə ittiham olunan lisenziyası ləğv edilmiş "Royal Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Tovuz" filialının müdiri Ədalət Müseybov və ASC-nin "Gəncə" filialının müdiri Anar Tağıyev barələrindəki hökmdən kassasiya şikayəti verilib.
“Reaksiya” "Report"-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 29-na təyin edilib.
İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 2014-cü ildə "Royal Bank" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanıb. Müəyyən edilib ki, ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseyibov cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad və digərləri ilə qabaqcadan əlbir olublar. Onlar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək qərarına gəliblər. Ə.Müseyibov və digər şəxslər 400 min manat məbləğində pulu mənimsəyərək talayıblar.
İstintaq, həmçinin müəyyən edib ki, ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və digərləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120 min manat məbləğində kredit rəsmiləşdirib. Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri isə kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyiblər.
Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.
Xatırladaq ki, İran mənşəli ABŞ vətəndaşı Əli Camın əsas səhmdarı olduğu “Royal Bank” ləğv edilib. Mərkəzi Bankın məlumatına görə, bu qərar bankın məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyi üçün verilib.
2015-ci ilin iyul ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ədalət Müseyibov 8 il, Anar Tağıyev 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə digər təqsirləndirilənlər Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov, Fikrət Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib və onlar şərti cəza alıblar.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmədə hökm dəyişdirilmədən saxlanılıb. Həmin şəxslər bu dəfə kassasiya şikayəti veriblər.
Şərhlər