Samuxun tibb işçiləri Gürcüstanla həmsərhəd kəndlərdə nəzarəti gücləndirib
28.01.2016 19:10 Sosreaksiya 1949
Qonşu ölkələrdə “donuz qripi” virusunun (H1N1) sürətlə yayıldığı nəzərə alınaraq, Samux rayonunun Gürcüstanla həmsərhəd Eldar zonasında əhalinin sağlamlığına nəzarət gücləndirilib.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Samux Mərkəzi Rayon Xəstəxanasında xüsusi həkim briqadaları yaradılıb. Briqadalar tərtib edilən qrafikə uyğun olaraq, ən ucqar yaşayış məntəqələrində əhalinin müayinəsini davam etdirirlər. “Donuz qripi” ilə əlaqədar mərkəzi rayon xəstəxanasının nəzdində bütün avadanlıqlarla və dərmanla təmin olunan palata da təşkil edilib.
Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, bu günədək aparılan tibbi yoxlamalar zamanı vətəndaşlarda istər “donuz qripi” virusu, istərsə də digər yoluxucu xəstəliklər aşkarlanmayıb. Bununla belə, həkim briqadası mütəmadi olaraq həmin kəndlərdə əhalinin dispanser müayinəsini keçirərək sağlamlıq vəziyyətini öyrənir.
Qeyd edək ki, Samux rayonunun Eldar zonasında təxminən 6 minə yaxın əhali yaşayır. Ərazidə 5 tibb və 1 həkim məntəqəsi, eləcə də 1 kənd sahə xəstəxanası xidmət göstərir. Ötən il həmin tibb ocaqlarından biri müasir tələblər səviyyəsində yenidən qurularaq vətəndaşların ixtiyarına verilib.
Şərhlər