Evinə "molotov kokteyli" atılan azərbaycanlı: - "Yandıracaqlarını bildirmişdilər"

29.01.2016 02:02     Sosreaksiya     2414

Rusiyanın Ulyanovsk vilayətində azərbaycanlının ailəsinə qarşı qəddar cinayət törədilib. 
 
APA-nın Rusiya bürosunun məlumatına görə, yanvarın 27-də Ulyanovskda 45 yaşlı şəxs azərbaycanlı iş adamının evinə "molotov kokteyli" atıb. Nəticədə evdə olan iki yaşlı körpə uşaq üz və çiyin nahiyəsindən ağır yanıq xəsarətləri alıb.
 
Evinə "molotov kokteyli" atılan Pərviz Hüseynov APA-nın Rusiya bürosuna açıqlamasında hadisənin təfərrüatları barədə danışıb. O, 2014-cü ildə "Rosdenqi" kredit təşkilatından 4000 rubl borc aldığını, bunun müqabilində 24 min rubl ödədiyini söyləyib: "Təşkilatın kollektoru bu məbləğin az olduğunu iddia edərək, onlara daha 40 min rubl borclu olduğumu söylədi. Bu məbləğin götürdüyüm borcun faizi olduğunu bildirdi. Bununla bağlı bir neçə dəfə polisə müraciət də etdim. Lakin heç bir nəticə olmadı. Yeni il qabağı onlar mənim evimin şüşəsini kərpiclə sındırdılar və içəri bildiriş atdılar. Həmin bildirişdə, əgər 40 min rublu qaytarmasam beş gün ərzində evimi yandıracaqlarını yazmışdılar".
 
Pərviz Hüseynovun ailəsinə Ulyanovskdakı Azərbaycan diasporu yardım göstərib. Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk vilayəti üzrə regional bölməsinin rəhbəri İslam Hüseynov APA-ya açıqlamasında Hüseynov ailəsinə mümkün yardımı edəcəyini söyləyib.
 
Diaspor rəhbəri Pərviz Hüseynovun "Rosdenqi" kompaniyasına borclu olduğunu bildirib: "Az miqdarda borca görə dəfələrlə onları hədələyiblər. Ailə 4 min rubla görə 24 min rubl pul ödəyib. Bu ödənişdən sonra onlar hədələrini dayandırmayıblar. Əvvəl evə kərpic, daha sonra isə "molotov kokteyli" atıblar, hansı ki, iki yaşlı körpənin yatdığı otağa düşüb".
 
İslam Hüseynov 2-3 dərəcəli yanıq xəsarəti alan körpənin hazırda xəstəxanada olduğunu qeyd edib: "Bu ailəyə hər cür maddi və mənəvi yardım göstəriləcək. Bundan başqa baş vermiş qəddar cinayətin üstünün tezliklə açılmasına yardım edəcəyik. Ümid edirik ki, Ulyanovskun hüquq-mühafizə orqanları tezliklə bu cinayətin üstünü açacaqlar".
 
Diaspor rəhbəri baş vermiş cinayət işinin Ulyanovsk qubernatorunun nəzarəti altında olduğunu da söyləyib. 

Şərhlər

Çox oxunanlar