Sevgilisini öldürmüş şəxs: “Maşına qoyub Qobu tərəfdə bir dərədə basdırdım” - ŞOK
29.01.2016 14:53 Sosreaksiya 1494
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində nikahsız yaşadığı qadını qətlə yetirməkdə ittiham olunan Xaçmaz rayon sakini Vahid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən V.Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, məhkəməyə verdiyi ifadəsində Yeganə Mirzəyeva ilə aralarında mehriban münasibət olduğunu göstərib: “Həyat yoldaşımdan ayrılmışdım. Sonradan ikinci dəfə ailə həyatı qurdum. Artıq Yeganədən ayrılmaq qərarına gəlmişdim. O isə tez-tez zəng vurur, yanına gəlməyimi istəyirdi. Ona geri qayıtmayacağımı, ailəm olduğunu deyirdim. Mesaj yazaraq təhqir edir, evə gəlməyimi tələb edirdi. Hadisə günü zəng elədi, yalvardı ki, sonuncu dəfə onunla görüşüm. Getdim, məni təhqir etdi. Vurdum, yerə yıxıldı, gözlədim, ayağa qalxmadı. Əyilib baxdım ki, nəbzi vurmur, ölüb. Qorxumdan əlim-ayağım titrədi. Nə edəcəyimi bilmədim. Maşına qoyub Qobu tərəfdə bir dərədə basdırdım. O gündən vicdan əzabı çəkirdim. Polislər gəldi, itkin düşməsi ilə bağlı mənə suallar verdilər. Etiraf etdim ki, öldürmüşəm və aparıb basdırmışam. Peşmanam. Onu qorxutmaq üçün vurmuşam. Bir zərbə ilə öləcəyinə inanmazdım”.
Məhkəmə prosesi fevralın 5-də davam edəcək.
Qeyd edək ki, hadisə 25 avqust 2015-ci ildə Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhər sakini Yeganə Mirzəyevanın itkin düşməsi ilə bağlı qonşular polisə müraciət edib. Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o tutulub. İlkin dindirmə zamanı tutulmuş şəxs törətdiyi cinayəti etiraf edib.
Şərhlər