Kredit borcuna görə azərbaycanlı biznesmenin evinə od vurdular - VİDEO

29.01.2016 16:17     Sosreaksiya     1799

Rusiyanın Ulyanovsk şəhərində kollektor (borcların yığılması üzrə ixtisaslaşmış şirkət) valideynlərin borcuna görə iki yaşlı uşağı yandırıb.
 
BAKU.WS-in məlumatına görə, bu dəhşətli hadisəyə səbəb azərbaycanlı ailənin bir neçə min borc pul alması olub. Yanvarın 27-də Ulyanovsk şəhərinin Lenin rayonunda həyət evində baş verən hadisə zamanı azərbaycanlı ailənin övladı da yanıb. Borcun qaytarılmasını tələb edən şəxslər evin pəncərəsindən içəri "Molotov kokteyli” atıb. Cinayətkarların atdığı yanan maddə ikiyaşlı uşağın yatdığı çarpayıya düşüb.
 
Nəticədə uşaqla bərabər onu xilas etməyə çalışan babası İsmayıl Hüseynov (56 yaşlı) ağır yanıq xəsarətləri alıb. Uşaq yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin uzun müddət cəhdlərindən sonra balaca uşağın vəziyyətini sabitləşdirmək mümkün olub. Ancaq balacanın bədəninin 40% yandığı üçün həyati təhlükə davam edir. Polis hadisəni törədən 45 yaşlı keçmiş polis işçisini saxlayıb.
 
Azərbaycanlı biznesmen İsmayıl Hüseynov cinayətkarların əməllərindən sonra ölümlə üz-üzə qalıb. Həkimlərin ilkin yardımından sonra o özünə gəlib. Cinayətin törədilməsində şübhəli bilinən 45 yaşlı şəxsin daha əvvəl də cinayət məsuliyyətinə cəlb edildiyi məlum olub. 
 
Hadisənin baş verməsinə səbəb azərbaycanlı ailənin 50 min rubl həcmində kreditə pul götürməsi olub. Amma vaxtında ödəniş edilmədiyi üçün ailənin borcunun üstünə xeyli miqdarda faiz gəlib. Nəticədə borc kollektor agentliyinə satılıb. Bundan sonra ailənin həyatı cəhənnəmə çevrilib.
 
Hüseynov borcun ödənilməsi üçün dost-tanışdan 30 min rubl yığa bilib. Qalan pulu o yaxın vaxtlarda tapmağa söz verib. Ancaq kollektorlar borcu təcili ödəməyi tələb ediblər. Borcun ödənmədiyini görəndə isə şirkət belə bir vəhşiliyə əl atıb. Hazırda faktla bağlı cinayət işi açılıb və araşdırmalar aparılır.

Şərhlər

Çox oxunanlar