Birgə yaşadığı qadını 15 bıçaq zərbəsi ilə öldürənə 19 il həbs verildi
29.01.2016 16:48 Sosreaksiya 1838
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Əmri Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib.
Prosesdə hökm oxunub. Hökmə görə, Əmri Süleymanov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 14 fevral 2015-ci ildə Buzovna qəsəbəsində "Dəniz qırağı" adlanan ərazidən 1968-ci il təvəllüdlü Xatirə Rzayevanın meyiti tapılıb. Qətlə yetirilən qadının "Mercedes" markalı avtomobili isə Şağan qəsəbəsi ərazisində aşkarlanıb.
İstintaqla müəyyən olunub ki, Xatirə Rzayeva yüngül həyat tərzi keçirib. Əməliyyat-istintaq qrupu cinayəti törədən Əmri Süleymanovun kimliyini müəyyənləşdirənə qədər o, ölkədən qaçmağa müvəffəq olub. Əmri Süleymanov qətli törətdikdən sonra Azərbaycandan qaçıb, fevralın 17-də isə Moskvada qatardan düşərkən saxlanılıb.
İki uşaq atası olan Əmri Süleymanov bir müddət əvvəl ailəsini ataraq Xatirə Rzayeva ilə yaşayıb. Xatirə Rzayeva öz borclarını ödəmək üçün Əmri Süleymanovu öz maşınını satmağa məcbur edib. Daha sonra tərəflər arasında mübahisə baş verib və Əmri Süleymanov qadını 15 bıçaq zərbəsi ilə qətlə yetirib.
Şərhlər