Dünyanı kor qoyan korrupsiyanın ASAN həlli

29.01.2016 19:30     Sosreaksiya     1508

Kamal CƏFƏROV,

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi

 

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasındakı (FİFA) korrupsiya skandalları, Toşiba şirkətində aşkarlanan 2 milyard ABŞ dolları dəyərində vergidən yayınma halı, Almaniyanın Siemens şirkətində mövcud korrupsiya problemləri, Malayziyanın baş naziri ilə bağlı aşkarlanan korrupsiya faktı bir daha sübut edir ki, korrupsiya nəinki bütün inkişaf etmiş dövlətlərin həmçinin beynəlxalq təşkilatlar və özəl sektorun da problemidir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə hər zaman dövlət siyasətinin prioriteti olmuş və Azərbaycanın anti-korrupsiya təcrübəsi regionda öz innovativ xarakteri ilə seçilmişdir. Belə ki son 10 il ərzində korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən qanunvericilik, ixtisaslaşmış institusional qurumlar, elektron hökumət infrastrukturu, “ASAN xidmət” təcrübəsi və milli iqtisadiyyatımızı stimullaşdırılan inqilabi qanunlar qəbul edilmişdir.

Qeyd eləmək lazımdır ki, korrupsiyaya ilə mübarizədə yalnız inzibati üsullar kifayət etmir, iqtisadi şərtlər də elə olmalıdır ki, korrupsiyaya imkan yaradan hallar aradan qaldırılsın. Eyni zamanda anti-korrupsiya islahatları da iqtisadiyyatın güclənməsinə töfhə verməlidir.

2015-ci ildə sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziyaların sayının azaldılması və verilmə prosedurlarının sadələşdirilməsi və bu istiqamətdə aparılan antikorrupsiya islahatları iqtisadiyyatımızı məqsədyönlü kənar müdaxilələrdən qorumağa imkan vermişdir.

Bunu Dünya Bankının hesabatları da təsdiq edir. Belə ki, 2015-ci ildə Azərbaycan ən çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə qərarlaşıb. 2015-ci ildə ölkəmiz Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 148 ölkə arasında 40-cı yeri tutub.

Eyni zamanda Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi “Doing Business 2016” hesabatında isə mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib. Belə ki, Azərbaycan “Biznesə başlama” göstəricisi üzrə 189 ölkə arasında 7-ci yerə layiq görülmüşdür.

Azərbaycan bu müsbət dinamikanı anti-korrupsiya reytinqlərində də əldə etmişdir. Cari ilin yanvarın 27-də “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan 2015-ci il üzrə Korrupsiya Qavrama İndeksində Azərbaycan 7 pillə irəliləmişdir.

Təşkilatın press relizinə əsasən Azərbaycanın bu indeksdə mövqeyinin irəliləməsinin səbəbi “ASAN” xidmət mərkəzlərinin uğurlu idarəçiliyi, elektron hökumət infrastrukturunun təkmilləşdirilməsi, lisenziya qaydalarının sadələşdirilməsi və lisenziya verilən fəaliyyət növlərinin azaldılması, əlillik statusunun əldə edilməsi qaydalarının sadələşdirilməsi və sosial sığorta qeydiyyatı üçün elektron alətlərin təqdim olunması və digər islahatlar ilə bağlıdır. Ümumiyyətlə bu indeksin son 5 il üzrə nəticələrinə baxsaq, Azərbaycanın yeri bu indeksdə mütəmadi irəliləmişdir.

Lakin qeyd eləmək lazımdır ki, Azərbaycanın Korrupsiya Qavrama İndeksində inkişaf dinamikası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatları tam ehtiva etmir. Bunların səbəbləri isə aydındır. Belə ki, Azərbaycan üzrə hesabatın hazırlanmasında 6 mənbədən istifadə edilmişdir. “Freedom House” tərəfindən hazırlanmış 2015-ci il üzrə “Nations in Transit” (Keçid dövrü Ölkələri) hesabatı da bunlardan biridir. “Freedom House”-nın hesabatları isə Azərbaycanda olan və ya yaşayan tanımadığımız “ekspertlər” tərəfindən hazırlanır. “Şəffaflıq Azərbaycan” təşkilatının məlumatında qeyd edilir ki, Azərbaycanın bu indeksdə mövqeyinin daha da irəli getməsinə mane olan səbəblərdən biri də Azərbaycanın Freedom House-nın hesabatında mövqeyinin geriləməsidir. Hesabatla tanışlıq zamanı müəyyən edilmişdir, “Freedom House” korrupsiya istiqaməti üzrə qiymətləndirmədə heç bir ölkəyə Azərbaycana verilən baldan mənfi bal verməyib. Bu isə bir daha qeyd olunan təşkilatın Azərbaycana olan qərəzli mövqeyini nümayiş etdirir və bununla da təşkilat ölkələr və cəmiyyət arasında öz etibarlılığını aşağı salır.

“Beynəlxalq Şəffaflıq” təşkilatının Qlobal Korrupsiya Barometri (2013) hesabatı isə qeyd edir ki, Azərbaycanlı respondentlərin 69 faizi dövlət tərəfindən aparılan antikorrupsiya islahatlarını effektiv hesab edir, 73 faizi isə hesab edir ki, ölkəmizdə korrupsiyanın səviyyəsi artmayıb. Bundan əlavə respondetlərin 70 faizi isə bildirib ki, korrupsiyaya qarşı mübarizədə sıravi vətəndaş da öz töhfəsini verə bilər. Bu isə Azərbaycan vətəndaşının dövlətə olan etimadı və problemlərin həllində vətəndaşlarla dövlət orqanları arasında olan həmrəyliyi izah edir.

Azərbaycanda aparılan antikorrupsiya islahatların nəticələrini bu sahədə ixtisaslaşan digər beynəlxalq təşkilatlar - Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən aparılan qiymətləndirmələrdən də müəyyən etmək olar. Azərbaycan qeyd olunan təşkilatların dəyərləndirmələrindən uğurla keçmiş, hətta Azərbaycanın aidiyyəti dövlət strukturlarının əməkdaşları digər ölkələrin qiymətləndirmə missiyalarında 10 ilə yaxındır ki ekspert qismində çıxış edirlər.

Bundan əlavə, 2015-ci ildə Azərbaycan ixtirası və brendi olan, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” BMT-nin ali mükafatı olan “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülmüş və digər ölkələrdə tövsiyə olunmuşdur. Belə ki, Avropanın siyasi təsisatlarının rəhbərlərinin “ASAN” xidmət mərkəzlərini necə heyranlıqla izləmələri heç kimə sirr deyil. “ASAN xidmət” mərkəzlərinə bu günə kimi 7,6 milyona yaxın vətəndaş dövlət orqanlarının xidmətlərindən istifadə etmiş və vətəndaş məmnunluğu göstəricisi isə 100 faizə yaxındır.

Əlbəttə bütün bunlar, korrupsiyaya qarşı mübarizədə siyasi iradə, sistemli və kompleks yanaşmanın nəticəsidir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş 2004-2006-cı illəri, 2007-2012-ci illəri və 2012-2015-ci illəri əhatə edən antikorrupsiya dövlət proqramları korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində səmərəli surətdə icra olunmasını təmin etmişdir.

Şərhlər

Çox oxunanlar