QHT ŞURASININ ŞİKAYƏTİ... - "Mətbuat Şurası lazımi addımları atacaq”

30.01.2016 19:14     Sosreaksiya     2010

“QHT Şurasından xəbər saytları barədə daxil olan şikayət araşdırılacaq, biz Mətbuat Şurasının “Şikayətlərə baxılması haqqında” qaydalarına əsasən, heç bir fərq qoymadan tədbir görəcəyik".

Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az-a açıqlamasında deputat Azay Quliyevin və QHT Şurasının fəaliyyəti haqqında bəzi saytlarda gedən yazırlara münasibət bildirərkən deyib.

“QHT Şurası və Azay Quliyevlə bağlı mətbuatda gedən həmin yazılarla bağlı müraciət nəzərə alınacaq, Araşdırma apararaq, şikayət edən tərəfin irəli sürdüyü arqumentləri yoxlayacağıq. Bundan sonra da təbii ki, Mətbuat Şurası olaraq qaydalar nəyi tələb edirsə, o formada da addım atacağıq”.

Ə.Amaşov deyib ki, bu gün Mətbuat Şurasına yüzlərlə şikayət daxil olur və onlar araşdırılır. 

“Bu şikayətlərdə jurnalistlərin peşə davranış kodeksinin pozulması halları aşkar olunursa, biz də müvafiq qərar çıxarırıq. Təbii ki, sonrakı tədbirlərin görülməsi də çıxarılan qərardan asılı olur”.

Qeyd edək ki, son günlər bəzi saytlarda (arqument.az, xeber.info) deputat Azay Quliyevin QHT sahəsində monopoliya yaratdığı, dövlət qeydiyyatından keçmək istəyən QHT-lərdən pul istədiyi və digər iddialar irəli sürülüb.
Qarşı tərəf isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və qurumun sədri Azay Quliyev haqqında irəli sürülən iddiaları əsassız adlandıraraq, müvafiq təşkilatlara müraciət edəcəyini bildirib.

QHT Şurası hesab edir ki, media, cəmiyyətin müxtəlif məzmunlu zəruri  informasiya ilə təminatını həyata keçirən və inkişafa xidmət edən vətəndaş cəmiyyətinin aparıcı institutlarından biridir. 

"Bunu əsas götürərək  Şura şəffaflıq və aşkarlıq prinsiplərinə sadiq qalaraq hər zaman yerli və beynəlxalq KİV-lərlə əməkdaşlığa böyük önəm verib.
Ancaq təəssüflər olsun ki, aidiyyatı qurumların və hüquq-mühafizə orqanlarının dəfələrlə xəbərdarlığına baxmayaraq, hələ də qanunazidd əməllərindən əl çəkməyən, jurnalistikanın etik prinsiplərinə məhəl qoymayan,  dövlət orqanlarının və ictimai-siyasi xadimlərin işgüzar nüfuzuna kölgə salmağa çalışan yazılı və internet mediası nümunələri də mövcuddur. Onların bu tip qarayaxma fəaliyyətinin davamlı xarakter almasını və şifahi xəbərdarlıqlarımızın nəticə verməməsini əsas götürərək, Şura yuxarıda adı çəkilən saytlar haqqında müvafiq tədbir görülməsi üçün Mətbuat Şurasına və hüquq-mühafizə orqanlarına müraciət etməyi qərara alıb. Şura bununla yanaşı bütün media təmsilçilərinə müraciət edir və onları mətbuat adına ləkə gətirən, jurnalistikanın ali məqsədlərindən tamamilə uzaq olan,  söz və ifadə azadlığından sui-istifadə edərək şər və böhtanı özlərinin həyat tərzinə çevirən “jurnalistlər”in əməllərinə münasibət bildirməyə çağırır", deyə QHT Şurası bəyan edib. 

Şərhlər