“Meyit tanınmaz halda idi“ - Tapılan neftçinin qardaşı

31.01.2016 17:33     Sosreaksiya     1814

"Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda tapılan və ölkəmizə gətirilən meyitin Sahib Güloğlan oğlu Şahmarova məxsus olması hələlik öz təsdiqini tapmayıb".
 
Bu barədə ANSpress-ə neftçi Sahib Şahmarovun qardaşı Seymur Şahmarov məlumat verib. Onun sözlərinə görə, meyit ölkəmizə gətirildikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün Sahibin ailəsi morqa çağırılıb:
 
"Morqda gördüyümüz cəsəd tanınmaz halda idi. Demək olar ki, yarısı yox idi. Həm də qardaşıma oxşamırdı. Ona görə tanımaqda çətinlik çəkdik. Bundan sonra məhkəmə tibbi ekspertiza təyin edildi və cəsəddən DNT analizi götürüldü. Sabah isə mərhumun oğlundan bənzər analiz götürüləcək. Əgər analizlərin nəticəsi üst-üstə düşsə meyitin Sahibə məxusluğu təsdiqlənəcək və onu morqdan götürüb dəfn edəcəyik".
 
 
Yanğınla əlaqədar yaradılan qərargahdan da Seymur Şahmarovun dediklərini təsdiq etdilər və bildirdilər ki, tibbi ekspertizanın cavabı yaxın iki həftə ərzində hazır olacaq və ondan sonra meyitin şəxsiyyəti dəqiq bilinəcək.
 
Yanvarın 29-da Xəzərin Türkmənistan sektorundan kişi meyiti aşkarlanıb.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, bu, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir.
 
Onun Qarabağ müharibəsinin iştirakçısı olduğu bildirilir.
 
43 yaşlı Sahib Şahmarov Laçın, Füzuli, Şuşa və Ağdamda döyüşlərdə iştirak edib. Qarabağ döyüşlərində Sahib güllə yarası alıb. Sağaldıqdan sonra Şahmarov yenidən cəbhəyə yollanıb və bir neçə dəfə mükafatlandırılıb.
 
Onun iki uşağı qalıb: 11 yaşlı Məhəmməd və 10 yaşlı Məsumə.
 

Şərhlər

Çox oxunanlar