“Moskva” univermağında satıcılarla rəhbərlik razılığa gələ bilmir - YENİLƏNİB - FOTOLAR
01.02.2016 13:40 Sosreaksiya 2294
Bu gün “Moskva” univermağında satışı dayandırmaqla etiraz aksiyası keçirilib.
Hazırda univermaq rəhbərliyi ilə danışıqlar gedir. Günün sonunadək tələblərə cavab veriləcək.
Virtualaz.org saytının “Moskva” univermağında aksiyanı izləyən əməkdaşı xəbər verir ki, rəhbərliyin nümayəndələri satıcılarla söhbət aparır. Lakin satıcılar tələb yerinə yetirilməyəcəyinə qədər satışa başlamayacaqlarını bildirirlər.
Aksiya iştirakçısı Aygün Məmmədovanın sözlərinə görə, 2000 manat yer haqqı verir. Devalvasiyadan sonra satış dayandığından yer pulunu verə bilmir.
Digər satıcı Əli Babayev isə bankdan kredit götürərək zinət əşyaları aldığını deyir: "Buradakı satıcılardan əksəriyyətinin banklara borcu var. 60 metrlik sahəyə görə 1500 manat veririk. Bundan əlavə, satıcıya da maaş veririk. Vitrinin yerləşdiyi yerə görə 1300 manatdan 2000 manatadək yer haqqı ödənilir. Univermaqdakı vitrinlərin hamısı boşaldılıb”.
Satıcılar bildirirlər ki, bir neçə dəfə yer haqqının azaldılmasını tələb ediblər. Lakin tələbləri yerinə yetirilməyib. Onlara güzəşt edilməyəcəyini, razı olmayanların univermaqdan çıxmasını deyiblər. Buna görə də, satıcılar aksiyaya başlayıblar.
Virtualaz.org saytının əməkdaşlarına yaxınlaşan və özünü univermağın işçisi kimi təqdim edən şəxs isə aksiyanın olmadığını deyərək, əməkdaşlarımızı otağına dəvət edib. Onun sözləri isə aksiya iştirakçılarının qəzəbinə səbəb olub. Aksiya iştirakçıları bildiriblər ki, yer haqları azalmayanadək aksiyalar davam edəcək.
Satıcı Cavid Məmmədov da ayda 500 manatlıq alver olduğunu, amma 1500 manat yer haqqı verdiyini dedi: "Dollar bahalaşandan sonra qiymət qalxıb. Nəticədə, alıcı qıtlığı yaranıb. Paytaxtın heç bir ərazisində bu cür bahalaşma yoxdur. Amma rəhbərlik vəziyyətimizi nəzərə alıb güzəşt etmir".
Hazırda univermaqda iş dayanıb. Satıcılar axşama qədər vaxt qoyublar. Güzəşt olmayacağı halda aksiya davam edəcək.
* * *12:52
Hazırda “Moskva” univermağında etiraz aksiyası keçirilir.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, sahibkarlar icarə haqlarının bahalaşmasına etiraz əlaməti olaraq köşkləri boşaldıblar.
“Moskva” univermağının rəhbərliyi isə sahibkarları qəbul etmək istəməyib və danışıqlardan imtina edib.
Şərhlər