Məhkum hakimləri hədələyib

01.02.2016 16:56     Sosreaksiya     2017

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dini ekstrimist dəstə üzvlərinin  -  Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin  cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
BAKU.WS məlumat verir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edib. 
 
Proses başlamazdan əvvəl Əhməd Kərimovun atası oğluna müraciət edərək düzgün yola qayıtmasını, tövbə etməsini, söz verməsini istəyib. Əhməd Kərimov atasına and içərək bildirib ki, o, son nəfəsinə qədər Allaha ibadət edəcək. Atası oğluna bu yolun Allah yolu deyil, şeytan yolu olduğunu, şeytana ibadət etdiyini deyib.
 
Nurəddin Xəlilovun vəkili vəsatət verərək, müdafiə etdiyi şəxsin ağır xəstəliklərdən əziyyət çəkdiyini və məcburi müayinə edilməsi ilə bağlı qərar çıxarılmasını istəyib. N. Xəlilov vəkilin vəsatətini müdafiə etməyib. Bildirib ki, bu məhkəmə onun inanclarına ziddir: "Siz məni mühakimə edə bilməzsiniz, sizin haqqınız yoxdur. Məni Allah mühakimə edəcək”.
 
Vəsatət baxılmamış saxlanılıb.
 
Prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib: "Biz sizin qanunlarınızı qəbul etmirik. Vaxt gələr, biz sizə hökm oxuyarıq. Sizə bizi müakimə etmək hüququnu kim verib? Sizin haqqınız yoxdur. Bizim üçün Allahdan böyük qüvvə yoxdur, biz sizi tanımırıq. Əbədi cəhənnəm var, bu nədir ki?! Ömürlük, 20 il nədir ki?! Allah istəsə, biz burdan çıxarıq. Siz kafirlər bizə heç nə edə bilməzsiniz!”.
Bu zaman zalda yerdən replika atılıb: "Başqasının arvadına mesaj atmaq nə vaxtdan haqdır?”.
 
Hakim proses iştirakçıların sakit olmasını istəyib.
 
Təqsirləndirilənlər bir çoxu ifadə verməkdən imtina edib. 
 
Təqsirləndirilənlərdən İlqar Musayev ifadə verib. O, ifadəsində özünü tam təqsirsiz bildiyini, ona verilən ittihamların ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində yazıldığını bildirib: "Mənə iki gün orda işgəncə verdilər. Ağıllarına nə gəlib yazıblar. Anamın gözü qabağımda silahı evə qoyublar. Məni terrorist, quldur adı ilə tutublar. Az keçmədi, onların quldur olduğu ortaya çıxdı. Necə olur ki, mənə terrorist dedilər, özləri indi mənimlə birlikdə Kürdəxanıda yatır”.
 
Bu zaman zalda təqsirləndirilən şəxslər bir ağızdan "Allahı Əkbər” qışqırıblar.
 
Təqsirləndirilənlərdən Anar Rzayev də ifadəsində heç bir günahı olmadığını, digər təqsirləndirilənləri tanımadığını bildirib. 
 
İfadə verməkdən imtina edən şəxslərin  istintaqa ifadələri  elan olunub.
 
Təqsirləndirilənlərdən Pərviz Şixalıyev "hakimlər, prokurordan Allaha şikayət etdiyini" deyib.
 
Öldürülən Vahid Vahabovun hüquqi nümayəndəsi və oğlu Rəşad Vahabov ifadə verib. O, çıxış zamanı cinayətkarların evə girərək atasını öldürdüyünü, anasını da yaraladığını deyib. T. Vahabov təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istəyib.
 
Məhkəmə  fevralın 8-də davam edəcək.
 
Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.
 
Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq  Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, "Vincester” markalı tüfəng, "Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin,  qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.
 
Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri – Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və  və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, bu il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus "VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları  müəyyən edilib. Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub. Mütəşəkkil dəstənin 17 üzvü həbs edilib.

Şərhlər

Çox oxunanlar