Kitabların qiyməti də bahalaşacaq - Naşir gömrükdən kitablarını götürə bilmədiyini dedi
02.02.2016 09:06 Sosreaksiya 1947
Şahbaz Xuduoğlu: “Artıq 10 gündür kitabları gömrükdən götürə bilmirik”
Kitabların qiyməti artacaq. Bu barədə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu AzadlıqRadiosuna açıqlamasında bildirib. “Yalnız kağız deyil, kitabın da qiyməti artacaq. Xaricdən gələn həm xarici kitablara, həm də xaricdə nəşr olunan yerli yazarların kitablarına gömrükdə 18 faiz ödənməlidir. Bu vaxta qədər kitab 18 faiz ƏDV ödəyicisi idi, yəni bazarda satılarkən ƏDV ödəyirdik. Belə çıxır ki, indi ikiqat vergi ödəyəcəyik.
Hazırda bizim gömrükdə 10 adda kitabımız var və hərəsi təxminən 1500-2000 tirajdı. Bunlara görə 10 min manat - yəni 18 faizlik ƏDV ödəməliyik. Artıq 10 gündür kitabları gömrükdən götürə bilmirik. Əvvəllər bu ödəniş yox idi, 2016-cı il yanvarın birindən Vergi Məcəlləsinə olan dəyişikliyə görə xaricdən gətirilən kitablar da vergiyə cəlb olundu. Biz əksini gözləyirdik, elə bilirdik ki, danışılan islahatlarda kitabın üzərindən 18 faiz ƏDV götürülər, amma əksinə oldu, indi kitaba görə ikiqat vergi ödəyəcəyik”, - Ş.Xuduoğlu belə deyib.
Təkcə xarici müəlliflərin deyil, yerli yazarların da kitablarının bahalaşacağını deyən nəşriyyat direktoru əlavə edib: “Biz bəzi kitablarımızı xarici olkələrin nəşriyyatında çap edirdik, çünki Azərbaycanda böyük mətbəə sənayesi yoxdur, elə o avadanlığı gətirə bilməməyimizin səbəbi gömrükdə yaradılan problemlər olub. Biz kitabın bütün nəşriyyat işini burda görüb sadəcə çap üçün xaricə göndərirdik. İndi belə çıxır ki, bu kitablara ikiqat vergi qoyulur və bunun da fonunda kitabın qiymətinin bahalaşması qaçılmazdır. Digər tərəfdən, kağız bahalaşdığı üçün yerli çap olunan kitabların da qiyməti qalxacaq”.
Bu isə Azərbaycanda onsuz da baha qiymətə olan kitabların bundan sonra oxucuya çatımlı olmayacağını xəbər verir. Azərbaycanda kitab mağazalarının ciddi məbləğdə kirayə haqqı, eləcə də nəşriyyatların çap xərcləri kitabların qiymətinə təsirsiz ötüşmürdü. 18 faizlik ƏDV artımı isə durumu daha da kritikləşdirir. Eyni problem qəzetlər üçün də keçərlidir. Çünki qəzet redaksiyaları artıq çap xərclərinin ikiqat artımı ilə üzbəüz qalıblar. Çarə olaraq qəzetlərin satış qiymətində cüzi artım edilsə də, bu, yaranmış vəziyyətdən çıxış yolu deyil.
Şərhlər