Rasim Əliyevin qətlində təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib
02.02.2016 13:07 Sosreaksiya 1721
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, prosesdə şahidlər – Asim Səmədov, Elnur Süleymanov, Anar Muxtarov və Pərviz Qabilzadə ifadə veriblər.
Daha sonra məhkəmə müdafiə tərəfinin verdiyi vəsatətə baxıb. Vəsatətdə əlavə şahidlərin dindirilməsi və Rasim Əliyevi müayinə edən həkimlərin istintaqa cəlb olunması da öz əksini tapıb. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bu zaman müdafiə tərəfi zalda səs-küy salaraq etiraz edib. Hakimin qərarı ilə R. Əliyevin ailə üzvləri zaldan çıxarılıb.
Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.
Şərhlər