Azərbaycanda daha bir nəfər borca görə özünə od vurdu
02.02.2016 14:25 Sosreaksiya 2129
Ağcabədi rayonunda intihara cəhd baş verib. 52 yaşlı qadın özünü yandırıb.
Ağcabədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, şəhərin Heydər Əliyev küçəsi ev 94 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan şəhər sakini, 1964-cü il təvəllüdlü Zərnişan Şəfayət qızı Ələkbərova özünü yaşadığı evin həyətində üzərinə yanacaq tökərək yandırıb.
Ağır yanıq xəsarətləri alan dərhal rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərilən qadın vəziyyəti ağır olduğu üçün dərhal Bakıdakı Respublika Yanıq Mərkəzinə aparılıb.
Respublika Yanıq Mərkəzindən Zərnişan Ələkbərovanın reanimasiya şöbəsinə yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu bildirdilər.
52 yaşlı qadın özünü yandırmasına ilkin ehtimal onun ailə üzvlərinin külli miqdarda borcu olduğu göstərilir.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Sonuncu oxşar hadisə ötən ilin dekabr ayının 3-də Gədəbəy rayonunun Şınıx kəndində qeydə alınıb. Kənd sakini 57 yaşlı qadın intihar məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb. Qadın ailə üzvlərinin köməyi ilə dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilkin tibbi yardım göstərilən qadın Bakıdakı Yanıq Mərkəzinə gətirilib.
Yanıq Mərkəzində 7 gün müayinə edilən 1958-ci il təvəllüdlü Nəsibə Famil qızı Hüseynova dekabr ayının 10-da xəstəxanda dünyasını dəyişib.
Şərhlər