Azərbaycanda yayılan qızdırmalı qripin adı bəlli oldu - AÇIQLAMA
04.02.2016 15:38 Sosreaksiya 957
Azərbaycanla sərhəd ölkələrdə “donuz qripi” aşkarlandığı andan ölkəmizdə qabaqlayıcı tədbirlər həyata keçirilir. Hər gün açıqlamalar verilir ki, Azərbaycanda “donuz qripi”nə yoluxma faktı qeydə alınmayıb və hər şey nəzarət altındadır.
Mövsümlə əlaqədar qrip xəstələyinə tutulanlar var. Lakin əvvəlki illərlə müqayisədə onlar bu xəstəliyi daha ağır formada, günlərlə davam edən yüksək hərarətlə keçirirlər. Bu xəstələrdən də nümunələr götürüləndə “donuz qripi”nin olmadığı və kəskin respirator simptomlu virus olduğu bildirilir.
Azərbaycanda “donuz qripi” yoxdursa, bəs insanların günlərlə qızdırma və daha ağır formada yataq rejimində keçirdikləri bu virus nədir?
Klinik Tibbi Mərkəzin həkimi Maisə Heybətova Modern.az-a açıqlamasında bu virusun adının A qripi olduğunu bildirib.
“Hal-hazırda “donuz qripi” yoxdur, olanlar da mövsümü qriplə bağlı olan xəstəliklərdir. Bunlar kəskin resperator simptomlu xəstəliklər kimi gedir və onların da sayı getdikcə azalır. Bizə edilən müraciətlərə baxılıb və xəstələrə yardım göstərib, yola salmışıq. Elə xəstələr var ki, xəstəxanaya yerləşdirilib və onlardan götürülən yaxmaların cavabı mənfidir. Adi mövsümü qripdir. Sadəcə insanlar təşvişdədir və heç hara getmirlər. Gələn xəstələrdən də soruşulduğu zaman onların ərazi həkimlərinə müraciət etmədikləri bəlli olur. Təcili yardımların hamısına göstəriş verilib ki, qızdırmalı xəstələr xəstəxanaya gətirilməlidir”.
M.Heybətova insanların adi mövsümü qripi əvvəlki illərlə müqayisədə daha ağır keçirmələrini bu cür izah edib: “Hər bir insan ayrı-ayrı xəstəliklərə reaksiyası müxtəlifdir. Özüm şəxsən keçən il mart ayında qrip xəstəliyi ilə 4 həftə evdə yatmışam. Səhlənakarlıq etdim ki, keçər, amma keçmədi və məcbur oldum ki, evdə müalicə olunum. Bu gün də o qripin bəzi xüsusiyyətləri qalıb. Xəstələyin üstünə vaxtında düşəndə tez çəkilir. Amma başısoyuq yanaşılanda, xəstəlik ağırlaşır. Xronik xəstəliyi olanlar isə özünü hamıdan əvvəl qorumalıdır”.
Həkim bildirib ki, adi mövsümü qrip hər il mutasiya edir və xüsusiyyətərini dəyişir.
“İnsanlar immun sistemi də dəyişir. Gənclərimiz dieta saxlayır, elə olur ki, gün ərzində çörək yemirlər. İnsanın immun sistemi güclü olmalıdır ki, xəstəliklə mübarizə etsin. Bu gün bizim ölkə ərazisində müşahidə etdiyimiz adi A qripi, mövsümü qrip, kəskin reperator xəstəlik və ya Zökəm xəstəliyidir. Bunun başqa adı yoxdur”.
Şərhlər