Siyəzəndə narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat tədbiri keçirilib - FOTOLAR
04.02.2016 20:26 Sosreaksiya 2891
4 fevral 2016-cı il tarixdə rayon Mədəniyyət Mərkəzinin konfrans zalında Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən “Sağlam cəmiyyətə doğru” layihəsi çərçivəsində narkomaniyaya qarşı mübarizə məqsədi ilə maarifləndirmə-təbliğat xarakterli tədbir keçirilib. Reaksiya xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi vətəndaş cəmiyyətini proseslərə daha fəal cəlb etməklə gənclərin narkomaniya əleyhinə maariflənməsinin gücləndirilməsidir. Tədbirdə ümumilikdə 60-a yaxın gənc iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov qonaqları görüş iştirakçılarına təqdim edərək, onlara tədbirin təşkil olunma məqsədi barədə məlumat verdi. Daha sonra Narkotiklərə qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva çıxış edərək, narkomaniyaya qarşı görülən işlər, əldə olunan nəticələr, gənclərin maarifləndirilməsi istiqamətində tətbiq olunan metodlar haqqında danışıb. “Bizim Gənclik” İctimai Birliyinin sədri Sona Əlizadə öz çıxışında gənclərin narkomaniya timsalında digər zərərli vərdişlərə aludə olmalarının qarşısının alınması üçün maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün şəkildə aparılmasının zəruriliyindən söz açıb.
Rayon Təhsil şöbəsi metodkabinəsinin direktoru Cəfər Bağırov, Siyəzən Rayonu İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın katibi Həsənağa Əliyev, Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru Rəşad Rəhmanov və rayon Mərkəzi Poliklinikası müdirinin müalicə işləri üzrə müavini Firdovsi Hacıyev tədbirdə çıxış edərək, bəşəriyyətin ən böyük bəlalarından biri olan narkotiklərin qanunsuz dövriyyəsi, onların insan həyatında törətdiyi fəsadlar, narkomaniyanın yayılması ilə mübarizə, gənclərin bu sahədə maarifləndirilməsi və sağlam həyat tərzində cəlb olunması ilə əlaqədar görülən işlər barədə məlumat veriblər.
Daha sonra gənclərin mövzuya aid verdiyi suallar təşkilatçılar tərəfindən cavablandırılaraq, dəyirmi masa ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda isə iştirakçılara bukletlər, təqvimlər, döş nişanları, papaq və köynəklər paylanılı.
Şərhlər