Maliyyə Nazirliyi pul yeyintisinin üstünü açdı

05.02.2016 15:33     Sosreaksiya     880

Nazirlik əsassız ödənişlərin qarşısını alıb, ştatları ləğv edib.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2015-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.

Xidmət tərəfindən 2015-ci ildə respublikanın 2 rayonunda rayon icra hakimiyyətləri başçılarının aparatlarının saxlanılmasına, rayonların abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, mənzil kommunal təsərrüfatı qurumlarına, Təhsil Nazirliyinin 14, Səhiyyə Nazirliyinin 4, Gənclər və İdman Nazirliyinin 1, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 müəssisəsinə, Dövlət Miqrasiya Xidmətinin və Vergilər Nazirliyi yanında 2 departamentin aparatlarının saxlanılmasına, Azərbaycan Milli Elmlər Akademiyasının 2 elmi-tədqiqat institutuna, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə”nin 2011-2014-cü illərdə icrası vəziyyəti, dövlət büdcəsinin Ağstafa, Ağcabədi və Ağdaş rayonları üzrə yerli gəlir və xərclərinin tərtibi və icrasına dair həmin rayonlar üzrə maliyyə idarələrinin işləri, habelə Bakı şəhərinin Nərimanov rayonunda təmir-tikinti işlərinin aparılmasına dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Bundan başqa Azərbaycanın Türkiyədəki və Avstraliya İttifaqındakı səfirliklərinin, Gürcüstanın Batumi şəhərində Baş Konsulluğun maliyyə-təsərrüfat fəaliyyətləri təftiş edilib. 


Maliyyə Nazirliyi

2015-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən aparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunub. 7949,47 min manat vəsaitin 7165,14 min manatının təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib. Təhsil Nazirliyinin Texnologiya Universitetində 1502,79 min manat məbləğində mənimsəmə hallarına dair yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib. Faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb. Qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 176 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 166 qrup, normadan artıq saxlanılmış 259,25 ştat vahidi ləğv edilmiş, 376 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılıb 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki vəziyyətə qaytarılıb, yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 297 nəfər azaldılıb. Həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.


Evdə təhsil alan şagird

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən 2015-ci ildə müvafiq rayonların (şəhərlərin) ərazilərində yerləşən büdcə təşkilatlarında aparılan nəzarət tədbirləri ilə aşkar olunmuş 2392,2 min manat məbləğində artıq və əsassız ödənişlərin 1669,56 min manatı təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 132,90 min manat, Samux Rayon İcra Hakimiyyətinın Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 130,74 min manat, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında 233,91 min manat, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman MərkəzininSumqayıt filialında 156,81 min manat, cəmi 654,36 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

2015-ci ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları"na uyğun olaraq müvafiq protokollar tərtib edilib, inzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576,0 min manat məbləğində cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Ağstafa və Ağcabədi rayonları üzrə maliyyə idarələrinin rəisləri işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırılıb.

Şərhlər

Çox oxunanlar