Şəhid anası danışdı: - “Sənədlərimdəki problemə görə, oğlumun dəfninə gələ bilmədim” - FOTOLAR - FOTOLAR
05.02.2016 18:46 Sosreaksiya 916
Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri İmran Xudaverdi oğlu Mirzəyevin dəfn mərasimində ailə üzvləri iştirak etməyib.
ATV.az-ın məlumatına görə, şəhidin atası və anası uzun illər bundan öncə ayrılıb. Şəhidin atasının hazırda harada olduğu ilə bağlı məlumat yoxdur. Anası Sevinc Bəy isə Türkiyədə ailə həyatı qurub və uzun illərdir ki, orada yaşayır. Şəhidin anasının dəfn mərasiminə qatıla bilməməsinin səbəbi sənədlərində yaranan problem olub.
ATV.az hazırda Türkiyədə yaşayan Sevinc xanımla əlaqə saxlayıb. O, şəhid olan oğlu haqqında saytımıza danışıb: “Oğlum İmran Mirzəyev 1996-cı il 2 oktyabrda doğulub. İmrandan başqa iki qızım da dünyaya gəlib, biri ondan böyük, biri isə balacadır. Ailə problemləri səbəbilə İmranın atası ilə boşandıq. Bir müddət Gəncədə tikiş fabrikində iş tapıb ora köçdüm. Maddi vəziyyətim pis olduğu üçün orada İcra Hakimiyyətilə danışdım. İmranı və digər iki qızımı bir müddətlik uşaq evinə verməli oldum. Bir ildən az müddətdə orada qaldılar. Ancaq hər həftə gedib onları görürdüm. Daha sonra Türkiyədə ailə həyatı qurdum və uşaqlarımın üçünü də özümlə birgə apardım.
Oğlum III sinifə qədər Yevlaxda oxuyub. Sonra Türkiyəyə gətirdim. VIII sinifə qədər də burada oxudu. Oxuduğu məktəb VIII sinifə qədər davam edirdi. Sonra isə maddi vəziyyətimiz ağır olduğu üçün oğlum işləmək qərarına gəldi. Bir müddət müxtəlif işlərdə çalışdı – sənayedə, dönərçidə, müxtəlif mağazalarda satıcı oldu.
Özü könüllü olaraq əsgərliyə yazıldı, aparıb yola saldım. 3 ay Gəncədə qaldı, sonra isə Qazaxa aparıldı. Andiçmə mərasimində də oğlumun yanına getdim. Şəhid olduğu gün günorta saatlarında özü ilə danışmışdım. Demişdi pul lazımdı. Pul göndərdik, sonra əlaqə saxlayanda dedi pul gəlib, uşaqlar gedib almağa. Qardaşım zəng vurub şəhid olması xəbərini verdi, inanmadım. Sonra əsgər yoldaşı da zəng vurub dedi ki, oğlunuz şəhid olub.
Oğlumun dəfn mərasimində iştirak edə bilməməyimin səbəbi sənədlərimdə yaranan problemdi. Türkiyə vətəndaşlığı almalıyam, sadəcə olaraq bundan əvvəl ölkədə yaşamaq icazəsi almalıydım. Onu gecikdirdim, çünki bu icazəni almaq üçün pul ödəmək lazımdır. Burada hər 3-4 ildən bir orada qalmaq icazəsi almalısan. Mənim də imkanım olmadığı üçün o icazəni gec aldım, sadəcə 6-7 aylıq gecikdirməm olduğu üçün vətəndaşlıq da gec verilir. Bütün bu problemlərə görə də Azərbaycana gələ bilmirəm”.
Sevinc xanım keçmiş həyat yoldaşı Xudaverdi Mirzəyevlə bağlı heç bir məlumatının olmadığını da dedi: “Biz rəsmi olaraq boşandıqdan sonra xəbərim olmayıb ondan. Bir ara eşitdim ki, Rusiyaya gedib. Amma yenidən ailə qurduğunu, 3 uşağının olduğunu deyənlər də olub. Hətta ölüm xəbərini də eşitdim. Amma hansının düz olub-olmadığı ilə bağlı məlumatım yoxdur. 6-7 yaşından İmrana özüm baxıram, həm anası olmuşam, həm atası”.
Sevinc xanım, oğlunun çox mülayim, dostcanlı olduğunu deyir: “Burada oğlumun şəhid xəbərini eşidən bütün dostları gəlirlər, hamısı deyir sənin oğlun vətən uğrunda şəhid olub. Biz də artıq sənin oğlun-qızınıq, tək buraxmarıq. Heç kim inana bilmir onun öldüyünə. 16 ay əsgər oldu, 55 günü qalmışdı gəlməyinə. Oğlumun dəfninə gələ bilmədim, sənədlərimin tezliklə düzəlməsini istəyirəm. Heç olmasa gəlib məzarı üstündə ağlamaq istəyirəm”.
Şərhlər