"Qadınları bıçaqla izləyirdim, blokda sumkalarını alıb qaçırdım" - Saxlanılan şəxs - VİDEO

05.02.2016 21:49     Sosreaksiya     1100

Bakıda quldurluq və soyğunçuluq edən şəxslər saxlanılıb.
 
Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat keçirilib. 
 
Kəpəz TV (Region TV) xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən paytaxt ərazisində ictimai nəqliyyatın və insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan 4 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
 
Gəncə şəhər sakinləri - əvvəllər dəfələrlə məhkum edilmiş Elbrus Manafov, Ramil Məmmədov, Ayaz Hüseynov və Telman Mirzəliyev tutulublar. Dəstə üzvlərinin paytaxt ərazisində ümumilikdə 4 nəfərin pulunu cibgirlik yolu ilə oğurladıqları sübuta yetirilib. 
 
Nəsimi RPİ və 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində rayon ərazisində soyğunçuluqla məşğul olan Salyan rayon sakini Ramin Səfərov yaxalanıb. Araşdırma zamanı məlum olub ki, Ramin Səfərov əsasən ahıl yaşlı qadınları izləyərək onların çantalarındakı pulları soyğunçuluq yolu ilə ələ keçirib.
 
Nəsimi RPİ 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı isə Füzuli rayon sakini İlqar İmranov saxlanılıb. O, Nəsimi rayonu ərazisində ayrı-ayrı vaxtlarda iki qadını bıçaqla hədələyib onlara qarşı quldurluq cinayəti törətməkdə şübhəli bilinir.
Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Cibgirlik, soyğunçuluq və quldurluq cinayətləri törətməkdə şübhəli bilinən bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nəsimi RPİ-yə müraciət edə bilərlər.

Şərhlər

Çox oxunanlar