Bakıda kişi özünü yandırdı
06.02.2016 17:37 Sosreaksiya 1360
43 yaşlı kişinin özünə nə üçün od vurduğu bəlli deyil.
Bakıda kişi özünü yandırıb. Bu barədə Azərbaycan Respublikasının Baş ProkurorluğununMətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-ə açıqlamasında məlumat verib. "Bu gün Nəsimi rayonu, Azadlıq prospektində 1973-cü il təvəllüdlü Məmmədli Anar Vahid oğlu özünü yandırıb. Onu dərhal xəstəxanaya yerləşdiriblər. Həmin şəxs sağdır".
Qurum rəsmisinin sözlərinə görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. Məmmədli Anar Vahid oğlunun özünü hansı səbəbdən yandırdığı bəlli deyil.
Eldar Sultanov - Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri
Qeyd edək ki, bu, yeni ildə qeydə alınan ilk özünü yandırma faktı deyil. Ötən gün 40-45 yaşlarında olan kişi Yasamal rayonu ərazisində, daha dəqiq Nəqliyyat Nazirliyinin yanındakı körpünün üzərinə çıxaraq özünü yandıracağını və körpüdən atacağını bildirib.
Özünü yandıraraq körpüdən atmaq istəyən şəxs
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Kişi körpüyə çıxdıqdan sonra kəndirlə belinə bağladığı “butulka”nı açaraq paltarının üzərinə töküb və yandırıb. Yanan gödəkcəsini isə körpüdən aşağıya ataraq ərazidə olan insanlara həyəcanlı anlar yaşadıb.
İntihar etmək istəyən şəxslə aparılan uzunmüddətli söhbətdən sonra kişi fikrindən daşınaraq aşağı enməyə razı olub.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları
ANS PRESS hüquq-mühafizə orqanlarından intihar etmək istəyən şəxsin Dönməz Məmmədov adlı şəxs olduğunu dəqiqləşdirib. Əldə etdiyimiz məlumata görə o, kredit borcunu ödəyə bilmədiyi üçün belə bir addıma əl atıb.
Kredit borcu olduğuna görə yanvarın 7-də də Neftçala şəhər 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa oğlu özünü yandırıb. Yaralı dərhal Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin iki gün xəstəxanada qalan müavin dünyasını dəyişib.
Şərhlər