Ədliyyə Nazirliyi yeniyetmələri narkomaniya təhlükəsindən qorumaqla bağlı valideynlər üçün tövsiyyələrini açıqlayıb
06.02.2016 19:52 Sosreaksiya 748
Məhkəmə Ekspertizası Mərkəzi yeniyetmələri narkomaniya təhlükəsindən qorumaq üçün valideynlər üçün tövsiyyələrini açıqlayıb.
APA-nın məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilən hesabat xarakterlr məqalədə qeyd edilib ki, 2 yaşdan 15 yaşa qədər olan yeniyetmələrin psixikası zərərli meyillərə xüsusi ilə həssasdır.
Məhz bu dönüş yaşda, ailədə olan oğlan və ya qızlar valideynlərlə əlaqələrini zəiflətməyə çalışırlar. Bəzi hallarda valideynlərin məsləhətlərinə zidd getməyə başlayırlar, öz həyəcanlarını gizlədirlər, sərt və aqressiv olurlar. Bununla bərabər yeniyetməlik dövründə xəyalpərəstlik, qətiliyə və yetişməmiş emosional hərəkətlərə meyllilik əlamətləri də özünü göstərir. Yeniyetmə yaşında psixikanın bu xüsusiyyətləri isə narkomaniyanın inkişafı üçün əlverişli zəmin yaradır. Xasiyyətin anomaliyaları ilə bərabər, yeniyetmə-narkomanlarda tez-tez tərbiyə defektləri üzə çıxır. Məhz səhv tərbiyə yeniyetmələrin narkotiklərə qoşulmasının əsas səbəblərindən biridir.
Ontogenezin yeniyetmə mərhələsində narkotik maddələrə qoşulmaq üçün səbəb yaradan ən vacib psixoloji amillərindən biri yeniyetmənin yaşadığı xoşagəlməz sosial-məişət mühitidir. Belə ailələrə ər-arvad arasında emosional-şəxsiyyət əlaqələrinin pozulduğu, uşaqları diqqətdən, qayğıdan, valideyn nəvazişindən və sevgisindən məhrum edən, ilk növbədə karyera, pul, maddi təminat, sonra isə uşaq və onun maraqları güdən ailələr aiddir.
Yazıda vurğulanır ki, narkotiklərə qoşulmağa başlamış yeniyetmə, öz əqli və idrak bacarıqlarının, maraqlarının itirilməsindən başqa tam mənəvi tənəzzül edir. Çünki həmin yeniyetmələrdə müsbət maraqların və meyillərin əvəzinə gəlmiş maraqlar onların bütün mənfi ifadələri ilə onun psixi proseslərini reqressə (yəni, müsbətdən mənfiyə) tərəf inkişafa sürükləyir. Belə yeniyetmələrdə əqli və intellektual bacarıqların pozulması, təhsilə həvəssizlik, əxlaqın aşağı düşməsi, dərs fənlərini mənimsəmək bacarığının olmaması, anlaqlı dərk etmə bacarığının və yaddaşın itirilməsi, aqressivlik elementləri ilə ümumi narahatlığın və əsəbiliyin üstünlük təşkil etməsi müşahidə olunur: “Hesab edirik ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, narkomaniyanın profilaktikası qarşılıqlı inam olan ailədə mümkündür. Ailədə narkomaniyanın profilaktikasının yalnız söhbət formasında aparılması həmişə müsbət nəticə vermir. Böyüklər tez-tez səhvlər edirlər, uşağın fikrinə hörmət etmirlər, ona qulaq asmırlar, amma uşaq səhv edəndə, adətən, onu cəzalandırırlar və çox vaxt ona niyə səhv etdiyini və bu səhvi aradan qaldırmağın yollarını başa salmırlar. Bu halda uşaq, yeniyetmə öz problemləri barədə yoldaşları ilə bölüşür və çox zaman yanlış məlumat alır. Ona görə də ailədə onların fikirlərinə, düşüncələrinə diqqətlə yanaşılmalı, onlarla nəinki valideyn, hətta dost səviyyəsində münasibət qurulmalıdır. Uşaqlara düzgün yol göstərilməli, dost seçimində məsləhət verilməli, hətta lazım gələrsə, şübhəli məqamlarda özlərindən xəbərsiz izlənmələri də məqsədəuyğun olardı”.
Məqalədə vurğulanıb ki, narkomaniyanın qarşısını almağın ən əlverişli yolu onun məktəblərdə profilaktikasını aparmaqdır. Lazımi tərzdə yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar narkomaniya barədə öz fikirlərini formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün biliyə malik olurlar. Məktəbli azyaşlılar və yeniyetmələr arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə olmalıdır: “Narkomanlığa qarşı vaxtında aparılmış keyfiyyətli profilaktik tədbir çox vacibdir. Bu, profilaktika böyüməkdə olan gənc nəslə aid maarifçilik işinin ayrılmaz hissəsi olmalıdır. Yeniyetmələr arasında aparılan keyfiyyətli profilaktik iş narkotik istifadəçilərinin sayını azaltmaqla müsbət nəticələr verir, onları ailələrinə və cəmiyyətə qazandırır”.
Şərhlər