Əli Həsənov: “Dilqəm və Şahbaz ailələri ilə “Skype”la canlı danışacaqlar”

08.02.2016 16:06     Sosreaksiya     1204

“Erməni girovluğunda olan Dilqəm və Şahbaz ailələri ilə “Skype” vasitəsilə danışa biləcək”.
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, bunu Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdama səfəri zamanı deyib.
 
Ə. Həsənov Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan qaytarılması məsələsini Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə etdiyini də bildirib: “Mən bu yaxınlarda Cenevrədə beynəlxalq tədbirdə idim. Orada məhz girovlarımızın məsələsinə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə görüşdüm. Məsələni onunla müzakirə etdim. O da söz verdi ki, bu işlə daha ciddi məşğul olacaq. Əvvəldən məlum idi ki, ermənilər onları asanlıqla verməyəcəklər. Çünki Dilqəm Əsgərov və Şahbaz, həmçinin rəhmətlik Həsən ermənilərə elə bir zərbə vurub ki, o zərbənin yeri sağalmır. Ona görə ermənilər prinsipə düşüb onları qaytarmaq istəmirlər. Bizdə nə qədər erməni əsir var, hamısını təklif edirik, dəyişmirlər. Bütün beynəlxalq təşkilatlar hamısı qalxdı ayağa ki, bu, qanunsuz hərəkətdir, yenə də qaytarmırlar. Yəni, bu çətinliklər var. Mən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentindən xahiş etdim ki, heç olmasa Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə “Skype” vasitəsi ilə canlı danışmasını təşkil etsinlər. O da söz verib, məşğuldurlar. Yəqin ki, yaxınlarda bunu edəcəyik”.
 
Ə. Həsənov, Azərbaycan prezidenti İlham Əliyevin Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələrini evlə təmin etdiyini bildirib: "Ermənilərin qətlə yetirdiyi Həsən Həsənovun ailəsinin isə onlara münasib ərazidə evlə təmin olunması üçün iş aparılır".
 
Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Şərhlər

Çox oxunanlar