İlahiyyatçıdan Hacı Qamətə CAVAB: "İslah etmək lazımdır"

09.02.2016 11:55     Sosreaksiya     1350

İlqar İsmayılzadə (İlahiyyat elmləri doktoru)  

 

“Əbu Bəkr” məscidinin imam camaatı Hacı Qamət Süleymanovun Modern.az saytınaverdiyi müsahibə  ictimaiyyətdə geniş rezonansa səbəb olub.

Qeyd edək ki, Hacı Qamət müsahibəsində ateistləri heyvanla müqayisə edərək belə deyib: “Heyvanların içərisində yaxşıları da var, vəhşiləri də. Heyvan heyvandır. Yaxşılıq o demək deyil ki, o nəsə nicat tapacaq. Yaxşı insan yaxşıdır, amma Allahı inkar etmək düzgün deyil. Yaradanı inkar etmək olmaz”.

Onun bu fikirlərinə ilahiyyat elmləri doktoru İlqar İsmayılzadə cavab verib. Onun yazısını təqdim edirik:

Yer kürəsi bütün vüsəti ilə özündə müxtəlif baxış və etiqadlara malik olan insanlara yer verib. Tanrı da Öz rəhmətini yalnız Ona etiqad bəsləyənlərə deyil, əslində dini, etiqadı və baxışından asılı olmayaraq hər bir insana bəxş edir. İnsanlardan bir çoxu varlıq aləminin bir Yaradan tərəfindən yarandığına inanır və beləliklə də deizm məfkurəsinə dəstək verir, az bir hissəsi isə tanrının mövcudluğunu inkar etməklə ateizmə imza atır.

Allahın varlığını qəbul edənlər də müxtəlif dinlər və təriqətlərə bölünürlər. Onlardan bir çoxu həzrət İsa Məsihi, digər qismi həzrət Zərdüştü, digər qismi həzrət Musanı, digər qismi həzrət Məhəmmədi, başqaları da digər müqəddəs saydıqları insanları özləri ilə Tanrı arasında vasitə və ilahi elçi olaraq qəbul edirlər.

Beləliklə də yaşadığımız bu yer kürəsində Məsihiyyət, Yəhudiyyət, İslam, Zərdüşt, Şamanizm, Buddizm, Sintoizm, Hinduizm, Çaynizm, Bəhailik və s. bu kimi din və inanclar rəvac tapıb. Əlbəttə, hər bir dinin daxilində onlarca təriqət və məzhəb parçalanmaları mövcuddur.

Bu gün dünya əhalisinin böyük əksəriyyəti Məsihiyyət dininə mənsub olsa da, mənsubiyyət baxımından ikinci yerdə İslam dini yer tutur.

Hər halda ümumi baxımdan dünya əhalisini Allaha inanan (deist) və Allahı inkar edən (ateist) kimi iki ayrı və fərqli dəstəyə bölmək olar.

Ateizm məfkurəsinin nə qədər əsassız və yetərsiz olduğu müxtəlif sahələrdə sübut edilib. Bu gün söhbətin mövzusu da bu deyil.

Əslində söhbətin mövzusu dindar və deist kəsimin qeyri-dindar kəsimə olan baxışından ibarətdir. İslam dini özünü əxlaq və etika dini adlandırdığı üçün özünü dindar və xüsusilə də din alimi sayanlar kimsəni təhqir etməməlidir. Kimsə deyəndə həm müsəlman, həm qeyri-müsəlman, həm deist, həm də ateist insanlar nəzərdə tutulur.

Tarix boyu insanlardan bir qisminin ateizm və dinsizliyə yönəlməsinin əsas amillərindən biri əslində din adı altında həyata keçən dinsizlik, əxlaqsızlıq və qəddarlıqlar olub.

Bu gün İraq və Suriya kimi müsəlman ölkələrində müəyyən radikal dəstələrin "Allahu əkbər" deyib, günahsız insanların başını kəsməsini, hər hansı bir əsir düşmüş insanın üstünə alışdırıcı maddə töküb od vurmasını, əlləri və qolları bağlanmış əsirin tank altında əzilməsini, azyaşlı uşaqlarının gözü qarşısında başı kəsilən ata-anaları, kəsilmiş başlarla "selfi" çəkdirən qəddar və azğın teroristləri, kamikadzeləri və dəhşətli intihar əməliyyatlarını müşahidə edən hər hansı bir şəxs İslamdan və ümumiyyətlə dindən üz döndərib məsələn ateist olursa, adını dindar və din alimi qoyanların vəzifəsi həmin şəxsləri təhqir etmək deyil.

Əslində bu kimi sahələrdə dərindən düşünmək və çıxış yollarını axtarmaqdan ibarətdir.

Elə İslam təlimlərinə görə də qarşılaşdığımız problemləri heç bir təhqir və həqarətə yol vermədən dərindən araşdırmaq, onların əsil səbəb və köklərini üzə çıxarmaq və daha sonra islah etmək tövsiyə olunur.

Bunu da unutmayaq ki, bura hər hansı bir xilafətin əyaləti deyil, əslində bütün dünyaya tolerantlıq və multikulturalizm sahəsində sözün həqiqi mənasında meydan oxuyan Azərbaycan Respublikasıdır.

Bizim ölkəmizdə kimsə tutduğu din, etiqad və baxışına görə təhqir edilmir. Əslində hər bir insana vətəndaş gözü ilə yanaşılır.

Şərhlər

Çox oxunanlar