Ana və 3 aylıq körpəni maşın vurdu - Onların vəziyyəti ağır olaraq qalır.

09.02.2016 16:48     Sosreaksiya     1287

Bakıda ağır yol qəzası baş verib. Ana və 3 aylıq körpəsi ağır xəsarət alıb.

Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində "klubun yanı" adlanan ərazidə qeydə alınıb. Bakı şəhər sakini Elşən Gözəlov idarə etdiyi 90- KT- 855 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən Vüsal Nəhmədova məxsus digər bir "Mercedes" markalı maşına əyləşmək istəyən 1988-ci il təvəllüdlü Aysel Əliyeva və onun 3 aylıq körpəsi Abbas Yalçın oğlu Əliyevi vurub. İdarəetməni itirən sürücü Elşən Gözəlov daha sonra dayanan "Mercedes"in sürücüsü Vüsal Nəhmədovu da vurub.

Ağır bədən xəsarətləri alan ana və 3 aylıq körpə dərhal Sabunçu qəsəbəsində yerləşən 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. 

Xəstəxandan ANS PRESS-ə bildirdilər ki, Vüsal Nəhmədovun vəziyyəti normal olduğu üçün ona ilkin tibbi yardım göstərilərək ambulator müayinə üçün evə buraxılıb. Aysel Əliyevanın vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, 3 aylıq körpə isə qapalı kəllə-beyin travması aldığı üçün Neyrocərrahiyyə Xəstəxasına göndərilib.

Qəzanı törədərək hadisə yerindən qaçan sürücü artıq saxlanılaraq istintaqa cəlb edilib və avtomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

Ümumiyyətlə ötən gün də ölkə ərazisində bir sıra yol qəzaları ilə yadda qalıb. Fevralın 8-də saat 14 radələrində Yasamal rayonunun Moskva prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zemfira Rüstəmova vurulub. Z.Rüstəmovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Bundan başqa Mingəçevir şəhərinin A.Məmmədov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Nuriyyə Həsənova vurulub. N.Həsənova xəstəxanaya yerləşdirilib.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Ford” markalı avtomobilin sürücüsü, şəhər sakini Fərid Mövsümov saxlanılıb.

Sonuncu qəza isə Lənkəran rayonu Balıqçılar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Samir Vəliyev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən rayon sakini Arzuman Muradovu vurub. Xəstəxanaya yerləşdirilmiş A.Muradov orada dünyasını dəyişib.

Bütün faktlarda bağlı araşdırmalar aparılır.

Şərhlər