Müəllimlər maaşlarından tutulan vergiyə etiraz etdilər: Nazirlik cavab verdi

10.02.2016 15:13     Sosreaksiya     896

Gənc müəllimlər peşə borclarını Azərbaycanın ən ucqar kəndlərində yerinə yetirirlər. Bu məktəblərdə dərs deyən müəllimlər çətin şəraitə baxmadan öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
 
Bunun qarşılığında isə bir neçə ildir ki, Nazirlər Kabinetinin qərarı ilə kənd məktəblərində işə qəbul olunan gənclərə əlavə güzəştlər edilir. Güzəştlərin tətbiq olunduğu həvəsləndirmə yerləri üzrə işləyən müəllimlərə yol, əmlakın daşınması üçün nəqliyyat xərcləri, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərin ödənişi üçün 40 manat məbləğində kompensasiya verilir.
 
Rayon mərkəzlərindən 20 km-dən çox məsafədə yerləşən orta məktəblərdə əmək fəaliyyətinə başlayanların, qeyd edilən həvəsləndirmə tədbirləri ilə yanaşı, 3 il müddətində aylıq əmək haqqına 70 manat əlavə olunur.
 
Amma bəzi müəllimlər son aylarda onlara edilən bu güzəştlərdən tutulan vergilərə görə narahatdırlar. 
 
Musavat.com saytına müraciət edən müəllimlər belə bir qanunun olmadığını, onlardan haqsız yerə vergi tutulduğunu bildiriblər: "Mən başqa bir rayonun kəndində həvəsləndirmə tətbiq olunan məktəbə imtahanla işə qəbul olunub, işləyirəm. Mənim kimi digər müəllimlərə də əlavə yardım kimi 160 manat yardım verilir. 15 avqust 2014-cü il tarixli 279 nömrəli Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 160 manat, yəni H2 həvəsləndirmə üçün 3 il ərzində pul mükafatı verilir və bundan heç bir vergi tutulmurdu. Ancaq bu aydan etibarən 160 manatın 100 manatından 14 faiz gəlir vergisi tutublar. Onsuz da maaşımızdan 21 faiz vergi tutulduğu halda, yardımdan vergi tutulması nə dərəcədə düzgündür?"
 
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən verilən məlumata görə, burada qeyri-qanuni heç nə yoxdur: "Hər bir vətəndaş qazandığı puldan gəlir vergisi verir. Müəllimlər istisna ola bilməz. Qanun hər kəs üçün eynidir. Həmin müəllimlərə verilən 160 manatın 100 manatından vergi tutulur. Bu, kiminsə şəxsi qərarı deyil. Dövlətin qanunudur". 

Şərhlər

Çox oxunanlar