Novruzun ilk çərşənbəsinin vaxtı bilindi (FOTO)

10.02.2016 15:56     Sosreaksiya     1344

Bu il çərşənbələr fevralın 23-nə, martın 1,8 və 15-nə təsadüf edəcək.

İlk çərşənbənin vaxtı açıqlandı. Baharın xəbərçisi olan ilk çərşənbə - Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. 

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Şöbəsinin Böyük elmi işçisi Atəş Əhmədli bildirib. Onun sözlərinə görə, hələ ki Şamaxı Rəsədxanası yazın nə zaman gələcəyini, yəni yaz bərabərliyi tarixini elan etməyib. 

Azərbaycan xalqı martın 1-də Od çərşənbəsini, 8-də Yel, 15-i isə ilaxır olan Torpaq çərşənbəsini qeyd edəcək.

Su çərşənbəsinə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. 

Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. 

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. 

Son çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. 


Novruz xonçası

ANSPRESS

Şərhlər

Çox oxunanlar