Hamı yemək üçün Azərbaycana gələcək

10.02.2016 16:40     Sosreaksiya     1234

Azərbaycanda qastronomik turizminin inkişafı üçün böyük imkanlar var.

Azərbaycan qastronomik turizmi (mətbəxt turizmi) inkişaf etdirməyə hazırlaşır. 

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Kemerovo vilayətinin qubernatoruAman Tuleyev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu arasında görüş zamanı müzakirələrə aparılıb. 

Polad Bülbüloğlu bildirib ki, Azərbaycan istirahət üçün Xəzər dənizi, dağ-xizək kurortları ilə yanaşı qonaqlarına zəngin mətbəxini də təklif edir. Səfir Azərbaycanın müxtəlif yeməklərinin olduğunu deyib. 


Aman Tuleyev - Kemerovo Vilayətinin qubernatoru 


Əksər insanlar hər hansı bir ölkəyə turist kimi səfər etdiyi vaxt onun yeməklərini dadmadan geri dönmək istəmir. Azərbaycan Milli Kulinariya Mərkəzinin baş drektorunun müavini Gülnaz Əsgərovanın sözlərinə görə, ölkəmizdə bu sektorun inkişafı üçün böyük imkanlar var. 

“İnkişaf üçün isə ilk növbdə təqdimat lazımdır. Buna görə də hər bölgə öz mətbəxtini təbliğ etməlidir. Həmçinin Azərbaycanın çoxlu unudulmuş yeməkləri var. Məsələn, xüsusi qaydalarla bişirilən Naxçıvan qovurması, ağartı məhsulları, bulama, Ordubad qayğanağı, Şirvan şorbası kimi yeməklərin turistlərə təqdim olunması vacibdir,- deyə Gülnaz Əsgərova bildirdi. 

Gülnaz Əsgərova qeyd etdi ki, Şəki pitisi Azərbaycana gələn turistlərin xüsusi diqqətini cəlb edir. 

“Amma onun üzərindəki quyruğu gördükdə yemək istəmirlər. Şəki Pitisinin yeyilməsi ilə bağlı qaydalar turistə nümayiş etdiriləndə onlar bu fikirdən daşınırlar. Bu səbəbdən yeməklərin təbliğindən çox şey asılıdır. Həmçinin xaricdə qədim yemək növlərimizin təqdim edildiyi restoranların fəaliyyət göstərməsi bu sahənin inkişafında böyük əhəmiyyət kəsb edir",-deyə mərkəz rəsmisi bildirdi. 


Şəki pitisi



Turizm şirkətlərindən birinin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, mətbəxt turizmi alternativ turizm növləri içərisində çox vacib yer tutur. 

“Sosioloji sorğulara görə, insanların 60 -70 %-i xarici ölkəyə səfər etdiyi zaman mətbəxti ön plana çəkir. Azərbaycanda xüsusi marşrutların yaradılması zamanı bu faktorlara ciddi fikir verilməlidir. Belə marşrutlarda müxtəlif şirniyyatların, şərab növlərinin və mətbəxt nümunələrin təqdim edilməsi vacibdir”, -deyə ekspert bildirdi. 


Ruslan Quliyev - turizm üzrə ekspert


R.Quliyevin sözlərinə görə, hazırda Azərbaycanın müxtəlif regionlarına mətbəxt turları təşkil edilir. 

“Bununla bərabər plov, şirniyyat, mürəbbə festivaları təşkil edilir. Azərbaycanın Qəbələ, Şəki, Lerik Yardımlı və digər rayonlarının özünəməxsus yemək adətləri var. İşgüzar, samğlamlaşdırırcı, mədəni və ekoloji turlarla bərabər mətbəxt turlarının inkişaf etdirilməsi Azərbaycana turist axınını artırar”,-deyə mütəxəssis bildirdi. 


Azərbaycanda mətbəxt turizminin daha da inkişaf edə biləcəyi bölgələr (qırmızı dairə ilə işarələnib)


Ruslan Quliyev bildirib ki, Azərbaycanda mətbəxt turizmi ümumi sektorunun 30 faizini təşkil edə bilər. 

Azərbaycanda keçirilən Avroviziya və Birinci Avropa Oyunları zamanı ölkəmizin qədim mətbəxt ənənələri ön plana çəkilmişdi. Həmin tədbirlərdə Azərbaycana səfər edən turistlər üçün xüsusi milli yeməklərdən ibarət menyular təqdim edilirdi. I Avropa Oyunları zamanı və oyunlardan sonra otellərdə “Azerbaijan Breakfast” milli mətbəx brendi təqdim edilib. 


Azərbaycanda plov festivalı


Ümumilikdə qastronomik turizm dünyanın inkişaf etmiş ölkələrində üstünlük verilən sahələrdən sayılır. Yaponiya , ÇinPeru , İngiltərə və bir çox dövlətlər mətbəxt turizmdən milyonlarla dollar əldə edir. Yaponiya turistlərə suşi ilə yanaşı tofu , donuz kotletləri, Peru taxıl bitkilərindən bişirilən yeməklər təqdim edir. Vyetnamda isə paştet, xiyar, göyərti, soğan və çili adlanan xüsusi sousla doldurulmuş baget ( xüsusi çörək), eyni zamanda donuz əti, dərisi və balıq əlavə olunmuş düyünü dadmaq olar. Gürcüstan xaçapurisi, xəngəli, Türkiyə isə çiy köftəsi, türk dönəri ilə ölkəyə turist cəlb edə bilir. 


Suşi - Yaponiyanın milli yeməyi 


Gürcüstan xaçapurisi


Çiy köftə - türk yeməyi 


Baget- Vyetnamın xüsusi yeməyi


Amma burada ən əsas amillərdən biri də qiymətlərlə bağlıdır. Əgər turist səfər etdiyi ölkədə baha qiymətlərlə rastlaşırsa, bu onun növbəti il başqa ölkəyə üz tutması ilə nəticələnə bilər. Buna görə yaradılan şəraitlə bərabər qiymətlərin turistin cibinə uyğunlaşdırılması sektorun inkişafına təkan verər. Azərbaycan xörəkləri xüsusi dadı ilə dünyada məşhurdur. Sadəcə Milli Kulinariya Mərkəzinin və turizm şirkətlərinin həyata keçirdiyi birgə layihələrlə Azərbaycanda qastronomik turizm növünün sürətli inkişafına nail olmaq olar. 

Şərhlər

Çox oxunanlar