Ukraynadan yola düşən ikinci qatar bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq."Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumatına görə, Ukraynanın İliçevsk dəniz limanından yanvarın 7-də Ukrayna-Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) 32 vaqondan ibarət ikinci qatar yola düşüb.

Qatar saat 23:00 radələrində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq. Qatarın tərkibindəki vaqonlardan 1-i Qazaxıstanın Aktau limanına, 31-i isə Türkmənistanın Türkmənbaşı limanına təyinatı üzrə yola salınacaq.
Vaqonların yükü ərzaq məhsullarından və dəmir məmulatlarından ibarətdir.


Nadir Əzməmmədov - "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri


Sınaq konteyner qatarı “İpək yolu”nun Ukrayna, Qara dəniz, Gürcüstan, Azərbaycan, Xəzər dənizi, Qazaxıstan və Çin marşrutu ilə hərəkət edir. 

Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulandan sonra bu, ikinci qatardır. Bu marşrut üzrə ilk sınaq reysi yanvar ayında həyata keçirilib və Ukraynadan gələn birinci qatar yanvarın 22-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. 

Sınaq qatarı 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarətdir. Sınaq qatarı “İpək yolu” ilə Ukraynanın İliçevsk limanından 15 dekabrda yola çıxıb. Yanvarın 22-də Bakının Ələt, yanvarın 23-də isə Aktau limanına çatıb. Qatar Ələt limanından “Azərbaycan” bərəsi ilə yola salınıb. Fevralın 1-də yayılan məlumatda konteyner qatarının Qazaxıstan ərazisində itdiyi bildirilirdi. 


Ukraynadan yüklərin daşınması üçün istifadə olunan marşrut (qırmızı xətlə işarələnib)

Daha sonra Ukraynanın infrastruktur nazirliyi qatarın yanvarın 31-də Qazaxıstan-Çin sərhədində yerləşən “Dostık” stansiyasına çatdığı barədə açıqlama verib. Qatarın 11-12 günə son stansiyaya çatacağı bildirilirdi. Amma bu müddət 17 sutkaya qədər uzandı. Ləngimələr əsasən Qazaxıstanda Balxaş stansiyasının Karakanda ərazisində baş verib.

Yeni nəqliyyat dəhlizinin əsas xüsusiyyəti Rusiyadan kənar keçməsidir. 

14 yanvar 2016-cı ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib, yük qatarları üçün rəqabətədavamlı kompleks dərəcələri, həmçinin Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə və oradan da Çinə daşınmasının təşkilində imtiyazlı tarif şərtləri müəyyən edilib.