DİN General qohumunun yayılan fotoları ilə bağlı açıqlama verdi
13.02.2016 14:46 Sosreaksiya 955
"Yayılan məlumatların heç bir hüquqi əsası yoxdur."
Daxili İşlər Nazirliyi (DİN) bir müddət əvvəl Bakıda yanacaqdoldurma məntəqəsində mühafizəçini döydüyü üçün inzibati qaydada cəzalandırılan İsa Əzizovun saxlandığı təcridxanada təmizlik işləri aparmasının onun hüquqlarının pozulduğu haqqında bir sıra KİV-də yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ANS PRESS-ə bildirib ki, yayılan məlumatların heç bir hüquqi əsası yoxdur:
“Belə ki, "İnzibati həbs olunanların saxlanılma məntəqələri haqqında” təlimata və həmin məntəqələrin daxili intizam qaydalarına uyğun olaraq məntəqədə saxlanılan şəxslərin əsas vəzifələrindən biri də sanitariya-gigiyena qaydalarına riayət etmək və təmizlik işləri aparmaqdır”.
Orxan Mansurzadə-Daxili İşlər Nazirliyinin şöbə rəisi
Qeyd edək ki, 2 gün öncə bəzi kütləvi informasiya vasitələrində bir qrup idmançı ilə yanacaqdoldurma məntəqəsinə gələrək orada operator və mühafizə xidmətlərini yerinə yetirən şəxsləri döyən İsa Əzizovun həbsxana fotoları yayılıb. Həmin fotolarda general qohumunun təmizlik işləri apardığı görünür.
İsa Əzizovun təcridxanadan yayılan fotosu
Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Döyülən şəxs
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İ. Əzizov və M. İsgəndərov barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb.
Şərhlər