Məlahət Mürşüdlü: “Günahkar mütləq cəzasını almalıdır”… - HƏYƏCAN TƏBİLİ

01.07.2015 18:12     Sosreaksiya     2101

Məlumdur ki, iki gündür sosial şəbəkələrdə Bakı şəhərindəki məktəblərin birində müəllimənin şagirdlə qəribə bir videosu yayımlanıb. Bakıda 45 nömrəli məktəbin ingilis dili müəllimi olan 50 yaşlı Ziyafət Nəbiyeva ilə 11-ci sinfi bitirmiş abituriyentin 50 saniyəlik videogörüntüsü əsl qalmaqal yaradıb.Ziyafət Nəbiyeva bir neçə abituriyentlə bərabər 11-ci sinfi bu il bitirən Aynurə Əliyevanı (ad şərtidir) da ingilis dilindən qəbul imtahanlarına hazırlaşdırıb. Ancaq iyunun 29-da məktəbin direktoru Nazilə Məmmədova müəllimi çağıraraq işdən azad edilməsi üçün ərizə yazmasını istəyib:

“Mənə bildirdi ki, valideynlər ona video təqdim ediblər. Həmin görüntüyə mən də baxdım. Qışda çəkilib və bəllidir ki, kamera yuxarıya quraşdırılaraq çəkiliş aparılıb. Çünki mənim otağımda əvvəllər kamera olmayıb. Görüntüdə mən ayaq üstdə dayanmışam və testlərə baxıram. Sinifdə digər abituriyentlər var. Adıçəkilən abituriyent isə mənə arxadan yaxınlaşıb və üzümdən öpüb. 50 saniyəlik görüntüdür. Həmin abituriyent məktəbimizin şagirdi olub, məni bir müəllim kimi çox sevib, mən də digər şagirdlərim kimi onu da sevirəm. İndi isə bizi heç kəsin ağlına belə gəlməyən münasibətdə ittiham edirlər. Direktor deyir ki, bu videonu on başqa valideynlər verib.

Soruşuram ki, bu videoda təəccüblü nə var? Bu, 18 yaşlı bir gənci, 50 yaşlı neçə ilin müəllimini ağlagəlməz ittihamlarla damğalamaqdan başqa bir şey deyil. Bu dəhşətdir.

Direktor təklif edir ki, köçürmə yolu ilə başqa məktəbə gedim. Amma mən niyə kiminsə iddiasına, hansısa planlarına görə neçə illər işlədiyim məktəbdən uzaqlaşmalıyam?”

Ona qarşı bu münasibətin nədən qaynaqlandığına gəlincə isə Ziyafət Nəbiyeva dərs saatlarını artması və məktəbə yeni müəllim cəlb etməklə bağlı varinatları istisna etməyib.

Ziyafət Nəbiyeva məsələ ilə bağlı “Təmiz dünya” İctimai Birliyinə müraciət edib.  Bizlər üçün çox maraqlı olduğundan təhsil üzrə ekspert Məlahət Mürşüdlü ilə həmin məsələni müzakirə etdik.

 

-Yəqin ki, dünəndən internetdə dolaşan şagird – müəllim videotamaşasına baxmısınız.

-Bəli! Utancverici bir haldır!

-Sizcə, bunun səbəbləri nə ola bilər? Təhsil sistemimizi bir az da baltalamaq, yoxsa nəbz yoxlaması?

-Məncə bu mənəvi aşınmanın nəticəsidir. Cəmiyyətdə baş verənlərdən məktəb və onun direktoru da kənarda qala bilməz.

-Bu sabah qız uşaqlarının oxumasına qarşı olanların daha da aktivləşməsinə səbəb ola bilərmi?

-Düşünmürəm, kütləvi halda elə bir vəziyyət yaransın. Olsa-olsa bir neçə hal ola bilər. Hələ doğru-dürüst nə baş verdiyi də məlum deyil. Şagirdin öz müəllimini öpməsində bir görünməmiş hal yoxdur. Normaldır. Amma ona hansısa məqsədlə, heç bir əxlaqi çərçivəyə sığmayan don geyindirmək isə məktəbdə pedaqoji-psixoloji mühitin yarıtmaz olduğunun göstəricisidir.

-Burda məktəb müdirinin hər hansı bir marağı ola bilərmi?

-Marağı da, müəllimlə konfilikti də ola bilər. Hər halda düşünürəm ki, bu məsələ hüquqi müstəvidə həll olunmalıdır. Həqiqət üzə çıxmalıdır, günahkar cəzasını almalıdır. Həqiqətin kimin tərəfində olmağından asılı olaraq, hətta müəllimlik hüququ da əlindən alınmalıdır. Maraqlıdır ki, hələ aidiyyatı qurumlardan Bakı şəhər Təhsil İdarəsindən məsələ ilə bağlı hər hansı bir açıqlama, münasibət yoxdur.

Şərhlər