Bu standart azərbaycanlıların xasiyyətini dəyişəcək

13.02.2016 16:31     Sosreaksiya     972

Xalq istehlakı mallarının keyfiyyətinə yanaşma dəyişməlidir.

Bakıdan xaricə, xüsusilə qərb ölkələrinə tez-tez gedib-gələnlərdə bir adət var: bu adamlar diş pastasından tutmuş Çin istehsalı coraba qədər xalq istehlak mallarının əksəriyyətini Qərbdən gətirməyə çalışırlar. 

ANS PRESS-in araşdırmasına görə, Qərbə az-az gedən yaxınları bu qəribə vərdişin səbəbini soruşduqda deyirlər: ”Nəsə, Qərbdə satılan eyni Çin malı bizdə satılandan qat-qat keyfiyyətli olur. Parfümeriya məhsulları da onun kimi, böyük ehtimalla Qərbdə satılanlar təbii məhsullardan istehsal edilib”. 

Marketoloq Samir Kərimov ANS PRESS-ə müsahibəsində bu cür düşüncələri müəyyən qədər psixoloji amillə əlaqələndirib: “Parfümeriya şirkətləri bütün dünyada təxminən eyni qiymətə mal satırlar. Cüzi fərq ticarət marjasında olur. Ona görə də bu malları satan şirkətlər, təbii ki, keyfiyyəti hər yerdə qoruyurlar. Buna görə də diş pastasını və hansısa parfümeriyanı Qərbdən alıb gətirməyə heç bir eyhtiyac yoxdur”. 


Samir Kərimov - marketoloq

Amma bununla belə, Samir Kərimov da bəzi ölkələrlə Azərbaycan arasında ərzaq və geyimin keyfiyyətində ciddi fərq olması faktı ilə razılaşır: “Hər şey ölkələrin daxilində qüvvədə olan standartlarla bağlıdır. Məsələn, Türkiyə standartlarına görə, kolbasanın tərkibində ətin miqdarı 90 faizdən az ola bilməz. Ona görə də “Türkiyədə kolbasanı bişirmədən yemək olmur, çünki həzmi çətinləşir. Amma MDB məkanında, o cümlədən Azərbaycanda istehsal edilən kolbasalar barədə bunu demək olmaz, tərkibində bəzən soyanın miqdarı 60 faizə çatır. Eyni sözləri geyim əşyaları barədə də demək olar. Çinlilər də hər ölkəyə öz standartına uyğun şəkildə mal göndərirlər». 

Bu məsələ Türkiyə geyimlərində də özünü göstərir. İstanbulun topdansatış bazarları ilə yaxından əlaqəsi olanlar bilir ki, bu ölkədən MDB bazarına göndərilən geyim əşayaları ilə daxili bazarlarda satılan geyim əşyalarının keyfiyyətində ciddi fərq var. Məsələn, Türkiyə standartlarına görə, bu ölkədə satılan köynəklərin tərkibində sintetik liflərin payı 20%-dən artıq ola bilməz. Amma Türkiyədən Azərbaycana idxal edilən köynəklərin tərkibində sintetik liflər əsasən 50%-dən çox olur. Eyni sözləri Qərbdə satılan Çin malları ilə Bakıya gətirilən Çin malları arasında müşahidə edilən fərq barədə də demək olar. 

Samir Kərimov bu fərqi yox etmək üçün qanunvericilikdə dəyişikliklərin həyata keçirilməsini vacib sayır: «Azərbaycan öz milli standartlarını yaratmalıdır ki, ölkəyə idxalda, həmçinin yerli istehsalda bu cür məsələlərə fikir vermək mümkün olsun». 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ANS PRESS-ə müsahibəsində Azərbaycanın da xalq istehlak malları bazarlarının standartlarla tənzimlədiyini bildirib: «Sadəcə, bizim bir sıra standartlar dövlətlərarası standarlar toplusu olan QOST-la tənzimlənir. O cümlədən tekstil məhsulları da bu qəbildəndir. Ölkə başçısının fərmanına görə, biz bu standartlara əməl edilməsi üzrə yoxlamaları 2 illiyə dayandırsaq da, monitorinq məqsədi ilə yoxlamalar aparırıq və hələ ki, standartlardan kənara çıxma hallarına rast gəlməmişik. Biz ancaq konkret şikayətlər əsasında araşdırma apara bilərik». 


Fazil Talıblı - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri 

Amma bununla belə, SMPDK təmsilçisi bəzi sahələrdə milli standartların yaradılmasına ehtiyac olduğunu da istisna etməyib: «Belə məsələlərin vacib olduğunu ictimaiyyət və mətbuat qaldırmalıdır. Bu cür problemlər ortaya çıxdıqda bir dövlət qurumu kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də məsələni araşdıraraq müvafiq təklifləri irəli sürə bilər». 

Təbii ki, bü cür standartlar hazırlanıb tətbiq edilərsə, yerli məhsul istehsalçıları da istər-istəməz bu standartlara əməl etməli olacaqlar. Onda yerli məhsullar da müştərinin rəğbətini qazanacaq. O zaman heç kim kisə-kisə xaricdən gündəlik istehlak malları daşımaq istəməyəcək və öz pulunu yerli istehsalçıya verəcək. Yəni çox sayda azərbaycanlı işlə təmin olunacaq. Digər qanunvericilik aktları ilə yanaşı standartları da hazırlayanlar məhz bu məsələlərə diqqət yetirməlidirlər. 

Şərhlər

Çox oxunanlar