Əflatun Amaşov: “Bəzən media qurumları onları reket adlandırdığımıza görə bizi məhkəməyə də verirlər”AÇIQLAMA
13.02.2016 17:49 Sosreaksiya 915
“Azərbaycan mətbuatının problemi çoxşaxəlidir. Əgər biz qarşımıza qoyduğumuz vəzifələri həll edə bilsək, kənardan yaranan problemləri də həll edə biləcəyik”. Reaksiya.info-nın məlumatına görə bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, bütün dünyada ictimai fikir əsasən onlayn jurnalistika vasitəsilə formalaşmaq istiqamətində gedir: “İnsanların söylədiklərinə əsaslansaq deyə bilərik ki, onlar informasiyaları televiziyalardan, qəzetlərdən daha çox sosial şəbəkələr, internet portalları vasitəsilə əldə edirlər. Ötən il ölkəmizdə mühüm hadisə olan I Avropa Oyunları keçirildi. O müddət ərzində, ondan sonra da Azərbaycandan kənarda ölkəmizlə bağlı mənfi fikirdə olan qurumlar kifayət qədər aktiv iştirak etdilər. İstər ölkə daxili, istərsə də xaricdə bunların qarşısını məhz ölkəmizdə fəaliyyət göstərən xəbər portalları aldı. Siyasi yönündən asılı olmayaraq xəbər portalları Azərbaycanın müsbət imicini formalaşdırmağa başladılar. Azərbaycana qarşı olan iradların, tənqid və təhqirlərin qarşısını aldılar. Bu, ötən ildə qazandığımız ən böyük nailiyyətlərdən biridir. Eyni zamanda I Avropa Oyunları göstərdi ki, Azərbaycan jurnalistikası vahid cəbhədən çıxış edə bilir”.
Ümumi işlərin gedişinə mane olan amillərə toxunan MŞ sədri söyləyib ki, bunlardan biri reket jurnalistikadır: “Bəzən media qurumları onları reket adlandırdığımıza görə bizi məhkəməyə də verirlər. Çox təəssüf ki, bəzən təhsili olmayan insanlar da sayt açır və orada yoxlanmamış məlumatlar gedir. Azərbaycan xalqı çap olunmuş bütün məlumatlara inanır. Reketçilik də bu amillərdən yaranır. Bundan əlavə, iqtisadi və ya siyasi qruplar ola bilər ki, onlar mətbuat üzərindən mübarizə aparırlar. Bu mübarizədə həmin insanlar ya özlərinə uyğun reketyönümlü mətbuat vasitəsi yaradır, ya da mövcud olan mətbuat vasitələrinə nəyinsə müqabilində informasiya ötürürlər. Şura tərəfindən aparılan araşdırma zamanı məlum oldu ki, bir insanın özünə, onun ailə üzvlərinin, hətta qohumlarının adına 30-a yaxın mətbuat vasitəsi var. Bəzən məktəb və bağçalardan Şuraya müraciət edib söyləyirlər ki, onlara hər hansı saytdan zənglər edilir və bildirilir ki, ildə iki dəfə pul qarşılığında müsahibə yazılacaq və ya hər hansı material yerləşdiriləcək. Rüşvət Mətbuat Şurasına aid olan məsələ deyil, bu hal əslində hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır”.
Şərhlər