Dövlət bağçası ilə bağlı şok ittihamlar - FOTO

13.02.2016 18:14     Sosreaksiya     787

"Azad İstehlakçılar Birliyinə Sumqayıt şəhər 49 saylı uşaq bağçasında tərbiyə alan uşaqların valideynləri tərəfindən şikayət daxil olub. Valideynlər bildirirlər ki, biz artıq bağça müdirəsinin qanunsuzluqlarından bezmişik.
 
Onların sözlərinə görə, 49 saylı bağçanın müdirəsi Sahibə Ağayeva qanunsuz əməllərlə məşğuldur. Bağçaya verilən ərzaqlar uşaqlara tam olaraq çatdırılmır. Yeməklər keyfiyyətsiz ərzaqlardan bişirilir. Bu səbəbdən uşaqlar belə xörəkləri yeməkdən imtina edirlər. Nəticədə isə 7-8 saat yarıac qalırlar. Bu da azyaşlıların sağlamlığına ziyandır". Bu fikirlər Sumqayıt şəhər, 9-cu mikrorayonda fəaliyyət göstərən "Qovaqcıq" uşaq bağçasında (49 saylı) tərbiyə alan uşaqların valideynlərindən Azad İstehlakçılar Birliyinə (AİB) daxil olan şikayət məktubunda yer alıb.
 
Bu barədə publika.az-a məlumat verən AİB sədri Eyyub Hüseynov deyib ki, valideynlərinin şikayət məktubunda dəhşətli faktlar açıqlanıb.
 
"Bağçaya verilən ərzaqlar uşaqlara çatdırılmır"
 
Valideynlərdən Şəlalə Məmmədova, Sima Rəsulova, İlahə Zeynallı, Rəvanə Qafarova, Cəmilə Əliyeva, Günel Piriyeva, Yeganə Cümşüdova, Xalidə Məmmədova, Samidə Cəbrayılova bildirirlər ki, onların azyaşlı övladlarının inkişaf edən orqanizmləri tam qida ala bilmir: "Valideynlər deyirlər ki, bağçaya kifayət qədər ərzaq verilir. Onların arasında ət, toyuq, kəsmik, pendir, süd, yağ, un məmulatları və s. var. Lakin bu ərzaqlardan uşaqlara yemək bişirilmir, ya da ərzaqlar yeməklərə çox cüzi qatılır.
 
Divardan menyu asılıb, bura gələnlərə isə başqa menyu göstərilir. Menyuda göstərilən yeməklər uşaqlara tam verilmir. Valideynlər bununla bağlı Sahibə Ağayevaya dəfələrlə irad bildirsələr də, bunun heç bir faydası olmayıb. Hətta mətbəxdə işləyənlərə də iradımızı bildirmişik. Lakin aşpazlar deyirlər ki, müdir hansı ərzaqdan bizə nə qədər verirsə, onu da bişiririk. Heç nə bizdən asılı deyil.
 
Şikayətçilərin sözlərinə görə, Sahibə Ağayeva narazı valideynlərə deyir ki, əgər xoşunuza gəlmirsə, uşaqlarınıza evinizdən yemək gətirin. Əgər belədirsə, niyə dövlət tərəfindən bağçaya vəsait ayrılır, ərzaq verilir?"
 
Azad İstehlakçılar Birliyinin sədri bildirdi ki, şikayət məktubu ilə əlaqədar Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyevaya müraciət edib.
 
"Sahibə Ağayeva bağçaya verilən ərzaqları evinə daşıyır"
 
Şikayət məktubunda qeyd olunub ki, Sahibə Ağayeva bağçaya verilən ərzaqları şəxsi maşınıyla evinə daşıyır: "Biz valideynlər dəfələrlə bunun şahidi olmuşuq. Axşamlar mətbəxdə şirniyyatlar bişirilir. Onların qoxusu ətrafa yayılır. Amma bu şirniyyatlardan uşaqlara verilmir. Övladlarımıza verilən çörəklərin çəkisi 50-60 qramdan çox olmur. Nahar üçün bir növ yemək bişirilir. Halbuki naharda azyaşlılara iki növ yemək verilməlidir: quru və sulu yeməklər.
 
Bundan əlavə, uşaqlarımız üçün gigiyenik vasitələr, duru sabunlar, nəm salfetlər və s. almışıq. Lakin uşaqlarımız onlardan da istifadə edə bilmirlər.    
 
Tərbiyəçilər deyirlər ki, Allahdan qorxub həqiqəti sizə deyirik. Amma bizim adımızı hallandırmayın. Çünki Sahibə Ağayeva həqiqəti deyən tərbiyəçiləri işdən qovacağı ilə hədələyir.
Onu da bildirək ki, 49 saylı bağçada uşaqlarımızın təhlükəsizliyinə əmin deyilik". 
 
"Müdirə dedi ki, onu lazımi yerlərə çağırtdırıb "kaznitlədərəm"
 
Publika.az-ın əməkdaşı şikayətçilərdən biri ilə əlaqə saxlayıb. O bildirdi ki, 49 saylı bağçanın müdiri bu şikayətinə görə ona hədə-qorxu gəlib: "Bir qrup valideyn Sumqayıt Şəhər İcra Hakimiyyətinə gedərək bağçadakı yeməklərin keyfiyyətsiz olmasından şikayətlənmişdi. Sahibə Ağayeva elə bildi ki, həmin valideynlərin arasında mən də olmuşam. Mənə zəng etdi. Telefonda işarə etdi ki, yuxarı dairələrdə adamım, himayədarım var. Kim neyləyirsə, etsin. Mən onu lazımi yerlərə çağırtdırıb "kaznitlədərəm". O, müdirəyə, tərbiyəçiyə layiq olmayan ifadələr işlətdi.
 
Sahibə Ağayeva iddia etdi ki, mən həmin valideynlərdən biri haqda hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Həmin valideyn istintaqa cəlb olunub. Hətta buna görə evini də satır.
 
Amma bütün bunların yalan olduğu üzə çıxdı. Həmin valideyni 3-4 gün bundan əvvəl gördüm. Dedi ki, hər şey qaydasındadır".
 
Onun sözlərinə görə, valideynlər İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyevanın qəbulunda olublar: "Lalə Hacıyeva onlara deyib ki, gedin, biz ora yoxlama göndərəcəyik. Təəssüf ki, valideynlərin icra hakimiyyətinə şikayətinin heç bir nəticəsi olmadı. Çünki icra hakimiyyətindən bağçaya zəng edib deyirlər ki, sizi yoxlamağa gəlirik. Buna görə də həmin gün 49 saylı bağçada hər şey qaydasında olub. Məktəbəqədər tərbiyə müəssisəsinin rəhbərliyi yoxlama komissiyasının gələcəyini eşidib, yeməkləri qaydasına salıb. Yoxlama komissiyasının üzvləri 49 saylı bağçaya gedəndə hər şeyin qaydasında olduğunu görüb. Buna görə valideynləri fakt qarşısında qoydular. Dedilər, yeməklər yaxşıdır, niyə şikayət etmisiniz?"
 
Məsələ ilə bağlı Sumqayıt şəhər, 9-cu mikrorayonda fəaliyyət göstərən "Qovaqcıq" uşaq bağçasının (49 saylı) müdirəsi Sahibə Ağayeva ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz nəticəsiz alındı. Bağçanın metodisti Gülşad Əliyeva isə yeməklərin köhnə olması haqda iddiaları qəbul etmədi. Onun əməkdaşımıza cavabı belə oldu: "Həmin valideynlərin adlarını deyin, müdiriyyətimiz o şəxsləri hara lazımdırsa, ora verə bilər. Onlar şər-böhtan yayıylar. Müdirəmiz zəif qadın deyil. Bunun kökünü tapmaq lazımdır. Gözləyin müdirə gəlsin".
 
Qeyd edək ki, mövzu ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa da hazırıq.

Şərhlər

Çox oxunanlar