Azərbaycanda "Valentin günü" ilə bağlı təklif: Dayandırılsın!

14.02.2016 11:50     Sosreaksiya     1072

Azərbaycanda "Valentin günü"nün keçirilməsi dayandırılmalı və onun keçirilməsinin qarşısını almaq üçün geniş şəkildə təbliğat aparılmalıdır. Bunu Trend-ə Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, sosiologiya elmləri doktoru, dosent Əbülfəz Süleymanlı deyib.
 
Onun sözlərinə görə, bu məsələdə KİV-lər, internet saytları xüsusi fəallıq göstərməlidirlər.
 
Mütəxəssis əlavə edib ki, ölkədə "Valentin günü"nün kütləviləşməsində KİV-lərin, o cümlədən internet saytlarının xüsusi rolu var. Onlar bunu geniş şəkildə təbliğ etdikləri üçün həmin gün istər-istəməz kütləviləşir və insanların ona marağı artır.
 
Bu günün son illərdə Azərbaycan cəmiyyətində də geniş qeyd edilməsindən təəssüflənən sosioloqun fikrincə, milli və dini baxımdan "Valentin günü"nün Azərbaycanın mədəniyyəti, adət-ənənələri ilə, eyni zamanda, dinimizlə heç bir bağlılığı yoxdur: “Həmin gün xristian dünyasında baş vermiş hadisənin təcəssümüdür. Azərbaycanda bir qisim insanlar bu günü kor-koranə şəkildə qeyd edirlər”.
 
Ə.Süleymanlı deyib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da "Valentin günü"nün keçirilməsinə biznes dairələri daha çox maraq göstərirlər.
 
Onun fikrincə, bu gün müəyyən biznes qurumlarının gəlirlərinin artırılmasına xidmət edir. Buna görə də özündə xristian dininə məxsus motivləri ehtiva edən "Sevgililər günü"nü ticarət şirkətlərinin "tələ"si kimi qələmə vermək olar.
 
Ə.Süleymanlının sözlərinə görə, "Valentin günü" yalnız xristian mədəniyyəti sərhədləri çərçivəsində qalan dünyanın deyil, eyni zamanda qeyri-xristian ölkələrinin yerli sərmayə qruplarının dəstəyini alıb. Bununla da onlar həmin günün qlobal səviyədə qeyd olunmasına müvəffəq olublar: "Məsələnin bir başqa problematik məqamını qeyri-leqal əlaqədə olan insanların bu günü hədiyyələrlə və digər mərasimlərlə qeyd etməsi təşkil edir. Bu da başqa əxlaqi problemlərə səbəb olur. Sevgi kimi müqəddəs duyğunun kiçik və yaxud böyük maddi qazanca görə istismara məruz qalması çox acınacaqlıdır".

Şərhlər